“Neftçi”nin “Qarabağ”ın çempion elan olunmasına etirazı heç nəyi dəyişməyəcək”

“Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Qəbələ” ilə yoxlama matçından sonrakı mətbuat konfransında verilən suala klubun rəsmi mövqeyini açıqlayıb.

Komanda.az saytının məlumatına görə, mətbuat katibi bildirib ki, bu gün mətbuatda “Neftçi”nin çempionatın yarımçıq dayandırılmasını istəməsi haqda xəbərlər yayılıb:

“Bəyan edirik ki, “Neftçi” çempionatın davam etdirilməsinin tərəfdarıdır. Həqiqətən də turnir cədvəlindəki hazırkı vəziyyət mövsümün yarımçıq dayandırılması ilə idman prinsiplərinin pozula biləcəyini göstərir. Amma sərt karantin rejimlərinin tətbiq olunması komandaların hazırlıq prosesinə ciddi təsir göstərir ki, klub olaraq buna qarşıyıq. Komandanın normal hazırlıq prosesi keçməsinə imkan yaradılarsa, məşqlərin və oyunların təşkilində problem olmazsa, çempionatın davam etdirilməsini istərdik. Əks halda, komandamızın çempionata hazır olması mümkün deyil. Biz çempionatın davam etdirilməsindən yanayıq, amma belə davam edəcəksə, çempionatın yarımçıq dayandırılmasını məqsədəuyğun hesab edirik. Çünki risklər çoxdur, koronavirus pandemiyasının ölkədə hansı səviyyədə yayıldığını hamımız yaxşı bilirik. Komanda üzvləri, futbolçular, klub nümayəndələri də insandırlar, onların da ailələri var. Siz jurnalistlər də oyunlar zamanı istər-istəməz müəyyən kontaktlarda olursuz və bu təhlükə ilə üz-üzəsiz. Hamımız belə bir təhlükənin içindəyik. Amma bir daha qeyd etmək istəyirik ki, çempionatın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərarı AFFA-nın İcraiyyə Komitəsi qəbul edir. “Neftçi” PFK olaraq veriləcək hər bir qərara hazırıq. Biz davam etmək istəyirik, amma bunun üçün komandanın çempionata normal hazırlaşmasına şərait olmalıdır. Növbəti həftə daha iki gün sərt karantin rejimi elan olunması haqda qeyri-rəsmi məlumat var. Çempionat iyunun 21-də bərpa olunacaqsa, komanda rəsmi oyuna necə hazırlaşacaq? Sonrakı periodda da belə davam ediləcəksə, necə olacaq? Bununla bağlı qərar olmalıdır. Bizim də klub olaraq öhdəmizə düşən qərarı icra etməkdir. Amma komandanın belə bir vəziyyətdə çempionata normal hazırlaşması qeyri-mümkündür”.

Rüstəm Allahverdiyev “Neftçi”nin “Qarabağ”la bağlı bəzi şərtlər irəli sürməsi haqda mətbuatda yayılan və həqiqəti əks etdirməyən xəbərlərə də münasibət bildirib: “Biz “Qarabağ”ın çempion elan olunması ilə bağlı rəsmi və ya qeyri-rəsmi fikir bildirməmişik. Əsasnamədə necədirsə, buna uyğun olaraq veriləcək qərar nə olacaqsa, normal qarşılayacağıq. Bildirmək istəyirik ki, hazırda turnir cədvəlində 1-ci yeri tutan “Qarabağ” çempion elan olunsa, “Neftçi” rəqibini təbrik edəcək, çempion elan olunmayıb, amma Çempionlar Liqasında mübarizə aparmaq şansı qazanacaqsa, rəqibi təbrik edib uğurlar arzulayacağıq. Təbii ki, “Neftçi”nin “Qarabağ”ın çempion elan olunmasına etirazı heç nəyi dəyişməyəcək. Bir daha bildiririk ki, hər hansı şərt qoymağımızla bağlı xəbərlər həqiqəti əks etdirmir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button