Avropanın sayılıb-seçilən klubuna keçmək istəyən Yusuf Lavalla MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Yusuf Lavalın Komanda.az saytına müsahibəsi:

  • Ötən ilin yayından “Neftçi”dəsən. Geridə qalan müddətdə klub, Bakı və Azərbaycan futbolu haqda təəssüratların necədir?
  • Özümü “Neftçi”də, ümumiyyətlə, Bakıda, Azərbaycanda çox yaxşı hiss edirəm. Bakı müasir şəhərdir, Azərbaycan tolerant ölkədir. Burda heç bir problemlə qarşılaşmamışam. Burda yaşadığım üçün xoşbəxtəm.
  • Ölkə futbolunda xoşuna gələn və gəlməyən nüanslar hansılardır, nəyin daha fərqli olmasını istərdin?
  • Xoşuma gələn odur ki, rəqabət var. İstənilən futbolçu gəlib burda karyerasını davam etdirə bilər. Bura gənc futbolçular üçün tramplin rolunu da oynaya bilər. Xoşuma gəlməyən isə çempionatda komanda sayının az olmasıdır. Ümid edirəm, gələcəkdə bu problem aradan qaldırılar. Bundan əlavə, hər oyunda çoxlu sayda azarkeşin stadiona gəlməsi futbolun inkişafına böyük töhfə verərdi. Fərqli olmasını istədiyim nüanslardan biri də budur.
  • “Ağ-qaralar”la 37 oyunda 4 qol vura bilmisən. Qol vurmaqda niyə çətinlik çəkirsən?
  • Mənim işim meydanda yalnız qol vurmaqdan ibarət deyil. Bununla yanaşı, qol ötürmələri də verməli, müdafiəyə də kömək etməliyəm.
  • Bakıya ilk gələndə artıq çəkin var idi, təzyiqlər artırdı və uğursuz transfer hesab edilirdin. Həmin günləri necə xatırlayırsan?
  • O vaxt uzun müddətdir məşq etmirdim. Bu da öz təsirini göstərmişdi, artıq çəkim var idi. Gənc və təcrübəsiz futbolçunun bu cür iddialı komandaya gəlməsinə göstərilən münasibət normal idi. Mən isə özümə güvənirdim, məni bura dəvət edənlər də mənə inanırdılar. Hesab edirəm ki, hər kəsin məndən gözləntisinin qarşılığını verə bildim.
  • Komandanın baş məşqçisi Samir Abasov çılğınlığı ilə tanınır. Məşqlərdə vəziyyət necədir?
  • Baş məşqçimiz Samir Abasovla heç bir problemim yoxdur. Məşqlərimiz çox yaxşı keçir. Baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışırıq.
  • “Neftçi”də xüsusi fərqləndirəcəyin bir oyun varmı?
  • Təbii ki, ötən mövsümün son turunda keçirdiyimiz, bizə çempionluq gətirən “Qarabağ”la oyunu deyə bilərəm.
  • Bu mövsüm Konfrans Liqasında “Makkabi” (Hayfa) ilə oyunda (3:3) baxımlı qol vurdun. İlk oyunda dubl etdin, komandana kömək oldun, amma vərəqə limitinə görə cavab matçını buraxdın. Səncə, İsraildəki oyunda meydanda olsaydın, nəticə fərqli ola bilərdi?
  • Çox təəsüf ki, İsraildəki oyunda meydanda ola bilmədim. Fərqli ola bilərdi, yoxsa yox, bunu demək çox çətindir. Həmin oyunda meydanda olub komandama kömək etməyi çox istəyirdim, amma cəzalı duruma düşməyim buna imkan vermədi.
  • Səncə, bu mövsüm hansı oyunda ən yaxşı performansını sərgiləmisən?
  • Hansısa matçdakı oyunumu fərqləndirə bilmərəm. Bu haqda nəsə deməyim düzgün çıxmaz. Hər oyunda komandama maksimum faydalı olmağa çalışıram.
  • Özünü qarşıdakı illərdə hansısa başqa komandada görürsən, ya Bakıda qalacaqsan?
  • “Neftçi” ilə iki illik müqaviləm var. Burda özümü çox yaxşı hiss edirəm və başqa yerə getmək haqda hələ ki, heç nə düşünmürəm.
  • Azərbaycanda “Neftçi”dən başqa, hansı klubda çıxış edərsən?
  • Yenə deyirəm, hələ ki, başqa klubda oynamaq haqda heç nə düşünmürəm.
  • Hədəflərin nədir?
  • Hədəfim “Neftçi” ilə növbəti dəfə çempionluq sevinci yaşamaqdır. Bu komandada uğurlar qazanmaq istəyirəm. Gənc futbolçuyam, hesab edirəm ki, “Neftçi” mənim karyeramda növbəti tramplin ola bilər və Avropanın sayılıb-seçilən klublarından birinə keçə bilərəm. Ümid edirəm, bu hədəfimə çatacam.
  • Azərbaycan çempionatında qarşılaşdığın ən çətin müdafiəçi kim olub və hansı futbolçunu fərqləndirə bilərsən?
  • Hansısa müdafiəçini fərqləndirmək istəməzdim. Ümumiyyətlə, Azərbaycan çempionatında çox yaxşı futbolçular çıxış edir. Bu baxımdan kiminsə adını çəkməyim düzgün olmazdı.
  • Yəqin görürsən ki, Azərbaycan yığmasında kifayət qədər milliləşdirilmiş futbolçular olur. Nə vaxtsa Azərbaycan millisi üçün oynamaq istəyərsən?
  • Belə bir təklif gəlməyib və bu haqda düşünməmişəm. Ona görə də bu suala cavab vermək çətindir.
  • “Neftçi” bu mövsüm Premyer Liqada çempion ola biləcəkmi?
  • Təbii, “Neftçi”də hədəfim çempionluqdan başqa, heç nə ola bilməz. Başqa nəticəni ağlından belə keçirə bilməzsən. Ötənilki uğuru bu mövsüm də davam etdirmək istəyirik. Buna görə də, məşqlərdə səylə çalışır, oyunlara qələbə üçün çıxırıq. Ümid edirəm ki, “Neftçi” bu mövsüm də tarix yazacaq və biz növbəti dəfə çempionluğu qeyd edəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button