“Neftçi”nin futbolçusu “Sumqayıt”dan üzr istədi
Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Sumqayıt”la oyunun sonlarındakı insidentdə iştirak edən “Neftçi”nin futbolçusu Anton Krivotsyuk üzr istəyib.
Komanda.az xəbər verir ki, milli komandanın da şərəfini qoruyan müdafiəçi, “ağ-qaralar”ın 2:1 hesabıyla qalib gəldiyi oyunda baş verənlərə görə öz “instaqram” hesabı vasitəsilə üzr istəyib:
“Bütün azarkeşlərdən və rəqib komandaya aiddiyatı olan insanlardan üzr istəyirəm. Qoldan sonra bunu həddən artıq qeyd etməyimə görə üzrxahlıq edirəm. Biz hamımız insanıq, emosiyalarımız var. Ancaq xahiş edirəm ki, rəqibin futbolçularının və ya məşqçilər korpusunun ünvanına hansısa sözləri deməyimlə bağlı insanlara yalan informasiyanı çatdırmayın. Videoyazı var, orda dəqiq görünür ki, qoldan sonra nə baş verdi. Qolun qeyd olunması vardı, söz yox. Özümü əldən buraxdım və buna müvafiq olaraq cəzalandırılacam”.
Stiven Monrozun 90+4-cü dəqiqədə vurduğu qoldan sonra meydanda ara qarışıb. “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək, onun başına sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bizi Facebook-da izləyin