“Neftçi”nin əldən buraxmamalı olduğu fürsət

Azərbaycan Premyer Liqası mövsümün həlledici mərhələsindədir. İllərdir alışdığımız “Qarabağ”ın aşkar üstünlüyü şəraitində keçən mənzərdən hazırda əsər-əlamət yoxdur. Qarşısıalınmaz “Sabah”, çempionluq mübarizəsindən qopmayan “Qarabağ”, avrokuboklar uğrunda gedən gərgin rəqabət və digərləri…

“Neftçi”nin lehinə dəyişən vəziyyət

“Qarabağ”la “Sabah”ın mübarizəsi bir yana, avrokuboklar yarışı daha çox gündəmdə olan və daha ciddi şəkil alan savaşa çevrilib. Bir müddət əvvəl “Zirə” və “Turan Tovuz” bu yarışda daha rahat görünürdüsə, indi vəziyyət dəyişib. “Neftçi” sürətlə yaxınlaşaraq mübarizəyə yenidən qoşulub və rəqiblərinə ciddi təzyiq göstərməkdədir. “Ağ-qaralar” artıq “qartallar”a öz nəfəsini hiss etdirib.

Mövsümün əvvəlində qeyri-sabit çıxışı ilə autsayderlər sırasına düşən “ağ-qaralar” ukraynalı baş məşqçi Yuri Vernidubun gəlişindən sonra tamamilə fərqli sima nümayiş etdirir. Komanda həm evdə, həm də səfərdə inamlı oyun sərgiləyərək ardıcıl xallar toplayır və itirilmiş mövqeyini bərpa edir.

Əslində, bu yüksəlişin fonunda əvvəlki baş məşqçi Samir Abasovun dövrü ilə bağlı suallar da aktuallaşır. Ötən mövsüm uğursuz nəticələri “komandanı mən yığmamışam” arqumenti ilə izah edən Abasov, bu mövsüm tam səlahiyyətlə formalaşdırdığı heyətlə də gözləntiləri doğrulda bilmədi. Klub rəhbərliyi isə onun qarşısına qoyduğu əsas hədəflər olan çempionluq və ya avrokuboklara vəsiqənin də əldən çıxacağını gördükdə, dəyişiklik qaçılmaz oldu. Bundan əlavə, hətta rəhbərlik komandanın avrokuboklara yollanacağı halda belə, Abasovun qalıb-qalmamasını müzakirə edəcəkdi. Və nəhayət, Abasovun bəhanələrindən bezən rəhbərlik onunla yollarını ayırdı.

Vernidubun rəhbərliyi altında isə eyni heyət qısa müddətdə toparlandı, komanda azarkeşlərin etimadını yenidən qazandı. Artıq “Neftçi” cari mövsümü itirmiş təsiri bağışlamır, əksinə, son turlarda topladığı sürətlə real iddiaçı kimi görünür.

Əsas rəqiblərin qeyri-sabit çıxışı

Hazırda əsas sual budur: “Neftçi” bu tempi sona qədər qoruyub-saxlaya biləcəkmi? Turnir cədvəlində əsas rəqiblər olan “Zirə” və “Turan Tovuz”un qeyri-sabit çıxışı Bakı klubunun şanslarını artırır. Xüsusilə, “Zirə” ilə keçiriləcək qarşılaşma birbaşa rəqib üzərində üstünlük qazanmaq baxımından həlledici ola bilər.

Digər tərəfdən, “Araz-Naxçıvan” da riyazi baxımdan yarışda qalsa da, hazırkı vəziyyət “Neftçi”nin daha üstün olduğunu göstərir. Avrokuboklara vəsiqə baxımından şanslarını hələ də qorumaqda olan “Sumqayıt” və “Şamaxı” kimi komandaların isə bu mübarizədə sonadək davam gətirməsi inandırıcı görünmür.

“Neftçi”ni və əsas rəqiblərini gözləyən oyunlar

“Neftçi”yə avrokuboklara gedən yolda kömək ola biləcək amillər: oyunlar, əsas rəqiblərin büdrəməsi – ikisi də dünən büdrədi və yenə büdrəyəcəkləri istisna deyil. “Zirə” son 7 turda kimləri qəbul edəcək, kimlərin qonağı olacaq və tovuzlular bu mübarizdə nələr qazanıb, nələr itirəcək? Son 8 tur (“Qarabağ”la təxirə salınmış oyunla birlikdə) “Neftçi” baxımından nə dərəcədə uğurlu olacaq? Bütün bunları qarşıdakı turlarda görəcəyik.

“Neftçi”ni son 7 turda gözləyən qaşılaşmalar:

“Araz-Naxçıvan”, “Zirə”, “Qarabağ”, “Karvan-Yevlax”, “Şamaxı”, “Sabah”, “Kəpəz”.

Bir də, “Qarabağ”la təxirə salınan oyun var.

Hazırda turnir cədvəlinin 3-cüsü olan və “Neftçi”ni 9 xal qabaqlayan “Turan Tovuz” bu rəqiblərlə üz-üzə gələcək:

“Sumqayıt”, “Araz-Naxçıvan”, “Zirə”, “Qarabağ”, “Karvan-Yevlax”, “Şamaxı”, “Sabah”.

“Neftçi”yə daha yaxın və turnir cədvəli baxımından üstələnməsi bir növ öz əlində olan “Zirə”ni hansı komandalar sınağa çəkəcək?

“Sabah”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “İmişli”, “Sumqayıt”, “Araz-Naxçıvan”.

“Ağ-qaralar”ın əldən buraxmamalı olduğu fürsət

Azərbaycanın avrokuboklarda neçə komanda ilə təmsil olunmasına gəlincə, bu məsələyə də bir daha toxunaq. Ölkə çempionu olan komanda Çempionlar Liqasına yollanacaq. Azərbaycan kubokunun qalibi Avropa Liqasında 1-ci təsnifat mərhələsindən çıxış edəcək. Çempionluğu və kuboku eyni komanda qazanarsa, Avropa Liqasına Premyer Liqada 2-ci yeri tutan klub vəsiqə əldə edəcək.

Konfrans Liqasında isə iki təmsilçimiz olacaq. Bu, ölkə kubokunun nəticəsindən asılı olaraq, ya çempionatın 2-ci və 3-cü, ya da 3-cü və 4-cü pilləsində qərarlaşan komandalar olacaq.

Qısası, “Neftçi” üçün avrokuboklara vəsiqə baxımından real şans yaranıb. Ölkənin ən köklü klublarından olan Bakı təmsilçisinin bu fürsətdən necə faydalanacağını isə qarşıdakı turlar göstərəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button