“Neftçi” ilə oyunda böyük güc sərf etməliyik” – Feldhofer

Avstriyanın “Rapid” komandasının baş məşqçisi Ferdinand Feldhofer Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Evdə oynayırıq. Bu, bizə ruh verir. Maraqlı qarşılaşma olacaq. Rəqibin oyunçuları fərdi olaraq güclüdürlər. Amma biz doğma azarkeşlər önündə qalib gəlmək istəyirik. Bunun üçün böyük güc sərf etməliyik. Pressinq tətbiq edib, qol şansları yaratmalıyıq. Bakıda bəzi qol şanslarını boşa vermişik. Evdə bunu təkrarlamamalıyıq”.

Feldhofer görüş ərzində hücuma üstünlük verəcəklərini diqqətə çatdırıb: “Müxtəlif imkanları və standart vəziyyətləri dəyərləndirməyə çalışacağıq. Qeyri-adi vəziyyət olsa, buna uyğun da oyun quracağıq”.

Avstriyalı baş məşqçi evdə oynadıqları üçün rahat olduqlarını vurğulayıb: “Bundan istifadə etməyə və yaxşı hücumlar qurmağa çalışacağıq. Ən azı bir qol vurmalıyıq ki, növbəti mərhələ üçün şansımız olsun. Bütün gücümüzü toplayıb daha yaxşı nəticə əldə etməliyik. Rəqibin gücü bəllidir. “Neftçi”nin özünəməxsus oyun tərzi var”.

Mütəxəssis Bakıdakı görüşdəki səhvləri nəzərə aldıqlarını diqqətə çatdırıb: “Topu özümüzdə saxlayıb rəqibin uzun reydlərinin qarşısını almalıyıq. Səhvlərimizi konkretləşdirmişik. Çalışacağıq ki, imkanlarımızı dəyərləndirək”.

Sabah baş tutacaq “Rapid” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.