
“Naxçıvana gələ bilməyən “Araz-Naxçıvan” Avropaya gedir”… Və ya, gəlir hara gedir?
Rəşad Ergün
Nəhayət, bir mövsümün də sonuna gəldik. “Qarabağ”la “Sabah” arasında keçiriləcək kubokun final matçından sonra qarşıdakı mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək 4-cü komandanın da adına aydınlıq gələcək. Hələlik “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan”ın avrokuboklarda iştirak edəcəyi dəqiqdir. Sonuncu “bilet” ya “Sabah”ın, ya da “Turan Tovuz”un olacaq. Bura kimi hər şey normal, qaydasında görünür…
Son günlərdə Azərbaycan Premyer Liqasında çıxış edən klubların ötən ilə olan büdcələri açıqlandı. Düzü, klublardan bəzilərinin büdcələrinə baxanda xeyli təəccübləndim, hətta buna “heyrət” də demək olar.
Məsələn, “Qarabağ”ın büdcəsi təxminən 35 milyona, “Neftçi”ninki isə 29 milyon manata yaxın olub. “Sabah”da bu məbləğ təxminən 27 milyon manat olubsa, “Zirə”də 11 milyona çatıb, mövsümü bərbad keçirən “Sumqayıt” 9 milyon, Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Səbail” isə 8 milyon manatı “yeyib”. Sadəcə, son bir ili sponsorsuz keçirən “Şamaxı”, “Kəpəz” kimi klubların büdcəsi daha az olub.
Məni təəccübləndirən, heyrətləndirən o oldu ki, klublar bu qədər maliyyə vəsaitini neynir, hara xərcləyir? Əksəriyyətinin düz-əməlli bazası yoxdur, çoxunun uşaq futboluna yanaşmasında “gözdən pərdə asmaq” cəhdləri hiss olunur. “Komanda”-nın keçmiş əməkdaşı, dəyərli Ceyhun Məmmədov “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə qazanması rəsmiləşəndə vəziyyəti çılpaqlığı ilə göstərən bir paylaşım etmişdi: “Naxçıvana gələ bilməyən “Araz-Naxçıvan” Avropaya gedir”.
Bax, bu!
Bəli, bu!
İllik büdcəsi 6 milyon manatdan çox olan “Araz-Naxçıvan” bu pulu legioner futbolçulara yedirtməklə məşğuldur? Ortada peşəkar klub adına heç nə yoxdur, heç nə. Stadionu, bazası, yeri-yurdu olmayana klub demək də günahdır, bunlar sadəcə komandadır: bir-iki məşqçi və beş-on futbolçu. Vəssalam.
Təbii ki, məsələ təkcə “Araz-Naxçıvan”la bağlı deyil. Hətta “Qarabağ” daxil, bütün klublara aiddir. Peşəkar klub, təşkilatlanma, struktur adına çoxlu qüsurlar var.
Futbolçu yetişdirmək nə AFFA-nın, nə PFL-in işidir. Futbolçu klublarda yetişməlidir. “Barselona”da, “Ayaks”da və Avropanın yüzlərlə, minlərlə başqa klublarında olduğu kimi. Azərbaycan klubları bu günə kimi hansı futbolçunu yetişdirib ki, səsi-sorağı Avropanın böyük çempionatlarından eşidilsin? Yeganə istisna Mahir Emrelidir ki, o da Almaniyanın 2-ci Bundesliqasında oynayır. Qonşularımız olan gürcülərin, ermənilərin legionerlərinin oynadıqları çempionatların adları, səviyyələri ilə müqayisədə Mahirə baxıb, “buna da şükür” deməyə adamın dili də gəlmir. Nə isə…
Yaxşı, madəm ki, Azərbaycanın elita klubları milyonlarla manat vəsaiti legionerlərə, ayağı top tutmayan yerli futbolçulara xərcləyir, o zaman heç olmasa, bunun qarşılığını versinlər. O milyonlarla manatlıq büdcələrin qarşılığı Azərbaycan Premyer Liqasında, kubokunda sizin nə etdiyiniz, hansı nəticələri qazanmağınız deyil. İnanın ki, sizin Azərbaycan çempionatında nə etdiyiniz azarkeşlərə o qədər də maraqlı deyil. Çempionat matçlarının boş tribunalar önündə keçməsi də bunun əyani sübutudur. Azarkeşlərə maraqlı olan Azərbaycan klublarının avrokuboklarda nə etməsi, nə edəcəyidir. Zəhmət çəkin, milyonlarla manatlıq büdcələrin haqqını verin! Bu mövsüm İsveçin “Yurqorden” komandası Konfrans Liqasının, Norveçin “Budo-Qlimt” klubu isə Avropa Liqasının yarımfinalına kimi irəlilədi. Onlardan hansınınsa büdcəsinin “Qarabağ”dan, hətta “Neftçi”dən,” Sabah”dan çox olduğunu düşünmürəm.
Bizim klublar anlamalıdır ki, avrokuboklara vəsiqə qazanmaq Olimpiadada iştirak kimi bir şey deyil. Ki, “əsas iştirakdır” deyib, azarkeşlərdən alqış gözləyəsən. O büdcələrin, o pulların haqqını verməlisiz. Verməsəz, legionerlərə, yararsız yerli futbolçulara verdiyiniz pulları heç yuxusunda da görməyən sadə, əli qabarlı azərbaycanlıların haqqını yemiş sayılacaqsız.
Bizi Facebook-da izləyin



