“Qardaş, pis başa düşmə, bu, futbola aid sual deyil axı” – Müsahibə

“Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadənin Komanda.az saytına müsahibəsi:

  • Əvvəlcə Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt”la qolsuz bərabərə qaldığınız oyunla bağlı fikirlərini bilmək istərdim.
  • Çətin oyun keçdi. Yaxşı komandaya qarşı oynadıq. Fürsətlərdən yararlana bilməsək də, qol da buraxmadıq. Rəqibin də şansları var idi.
  • Qol vurmağınıza maneə olan nə idi, qələbə üçün nə çatmadı?
  • Rəqib komanda yaxşı müdafiə olunurdu. Qol vurmaq qismət olmadı. İnşallah, çalışacağıq ki, cavab oyununda qol vuraraq, qalib gələk.
  • 0:0 hesabını yaxşı nəticə sayırsan?
  • Pis nəticə deyil. İkinci oyunda qələbə qazanmalıyıq.
  • Premyer Liqada “Qarabağ”la, üç gün sonra isə kubokun cavab matçında “Sumqayıt”la qarşılaşacaqsız…
  • Hər iki oyun bizim üçün vacibdir. Üç gündən bir oyun keçirmək çətin olacaq. Hər iki oyunda da lazımlı nəticələr almağa çalışacağıq.
  • “Qarabağ”la bu mövsüm üç dəfə qarşılaşmısız, 1 bərabərlik, 2 məğlubiyyət almısız. Bunlardan birində də 0:6 hesabıyla uduzmusuz. Oyuna xüsusi motivasiya ilə çıxacaqsızmı?
  • “Qarabağ” çempionatın lideridir. Hər komanda üçün onlara qarşı oynamaq çətin olur. Meydana xüsusi olaraq nəyəsə görə çıxacağımızı deyə bilmərəm. Ancaq bizə də xal lazımdır. Sonadək mübarizə aparmalıyıq.
  • “Qarabağ”dan xal almağı, yoxsa kubokun finalına çıxmağı üstün tutardız?
  • Hər ikisi də bizim üçün önəmlidir. Üstünlük verərdim ki, ikisində də meydandan yaxşı nəticə ilə ayrılaq. Vacib oyunlardır.
  • Kubok sizin üçün də, “Sumqayıt” üçün də avrokuboklara getmək baxımından son şansdır. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ilk oyundan sonra keçirilən mətbuat konfransında finala çıxacaqlarına inandığını deyib…
  • Məncə, gərgin oyun olacaq. Hər iki komanda üçün son şansdır. Biz də, onlar da meydanda bütün gücümüzü ortaya qoyacağıq. Şansımızı boşa vermək niyyətində deyilik.
  • Uzun müddət “Sumqayıt”da forma geyinmisən. Keçmiş komandan hazırda Premyer Liqada son sıradadır. Buna səbəb nədir?
  • Bu haqda nəsə demək düzgün olmaz. Komandanın içində olan insanlar bunu yaxşı bilər. Hər halda, bir sumqayıtlı kimi, “Sumqayıt”ın sonuncu pillədə olması ürəkaçan deyil. Onlara uğurlar arzulayıram.
  • “Sumqayıt”dan ayrılarkən, başqa klublardan təklif var idimi?
  • Xeyr, “Sumqayıt”la müqaviləm davam edirdi. Ancaq təkcə təklif “Zirə”dən gəldi.
  • “Zirə”yə getməyinə səbəb nə idi?
  • Xüsusi olaraq bir şey yox idi. Sadəcə, dəyişiklik etmək istədim. 8 il idi “Sumqayıt”da çıxış edirdim.
  • Finala çıxsaz, “Qəbələ”nin, yoxsa “Qarabağ”ın rəqib olmasını istərdin?
  • Seçim eləməzdim. Təki finala çıxaq. Kim gəlsə, sonadək mübarizə aparacağıq. Rəqibin kimliyindən asılı olmayaraq.
  • Son olaraq, İçərişəhərdəki tarixi abidələrin dağıdılıb, yerində restoran, kafe tikilməsinə münasibətini öyrənmək istərdim.
  • Qardaş, pis başa düşmə, bu, futbola aid sual deyil axı.
  • Əslən ukraynalı olan milliləşdirilmiş güləşçi Mariya Stadnik buna etirazını bildirib, ancaq siz deyirsiz ki, futbola aid sual deyil.
  • Tarixi abidələrin dağıdılması, aradan getməsi, hər halda yaxşı hal deyil. Tariximiz bizim gələcəyimizdir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button