“Mövsümü titulla başa vurmaq istəyirik” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Çox emosional oyun idi. Futbolçularım son saniyələrə qədər soyuqqanlı şəkildə, ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mücadilə verən rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazanmaq istəyirdik. Futbolçuların üzərində stress var idi, buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, axırda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik.

Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda “Bakı” səfərdə “Xəzər Lənkəran” üzərində qələbə qazandı, “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, digər tərəfdə “İnter” qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq.

“Qarabağ”ın kubokun finalına hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda “Qarabağ”dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi.

Gələcəyimi “Zirə”də görürəm. Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, sonluğu gözləyək. Keçən il avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Mənim planlarım “Zirə” ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button