Mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən – Samir Abasov

“Zirə”nin baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Bu cür oyundan sonra şərh vermək çox çətindi. Matçdan əvvəl də çətinliklərlə üzləşdik. Bir sıra yerli futbolçular oynaya bilmirdilər. Müəyyən rotasiyalara əl atdıq. Turnir cədvəlindəki mövqeyimiz elədi ki, qələbəyə sevinə də bilmirsən.

İlk yarıda hər şeyi düz edirdik. Fasilədən sonra rəqib boşluqlarımızdan yararlanmağa başladı. İstifadə edə bilsəydilər, bəlkə də “Səbail” böyük hesabla qalib gələcəkdi. Əvəzetmələr etdik, boşluqları aradan qaldırmağa çalışdıq. Özünüz də gördünüz ki, gənc futbolçumuz panikaya düşmüşdü. Bizə bir az çətin idi. Bir sıra futbolçumuz komandaya yeni qoşulub. İnanıram ki, bütün debütantlarımız qısa zamanda özlərini göstərə biləcəklər”.