“Meydançanın oyun keyfiyyətinə təsiri oldu” – Ran Ben Şimon

İsrailin “Aşdod” komandasının baş məşqçisi Ran Ben Şimon Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Yaxşı müdafiə olunduq. Hesab bizi qane edir. Cütün taleyi İsraildə bəlli olacaq. Çox keyfiyyətli komandaya qarşı oynadıq. Meydançanın vəziyyəti isə çox pis idi.
  • “Qarabağ”ın hansı cəhətləri sizi təəccübləndirdi?
  • “Qarabağ”ın keyfiyyətli futbolçuları var. Bu matça qədər yaxşı rəqiblərlə yoxlama oyunları keçiriblər. Bu matçları izləmişik. Bugünkü matçda “Qarabağ” topla yaxşı oynasa da, müdafiəni yara bilmədi.
  • İsraildə də meydançalar belədir?
  • Bizdəki meydançalar bundan daha yaxşıdır.
  • Cavab matçında fərqli oyun oynamalısız. Sizcə, İsraildəki oyunda hansı komanda daha çox risk alacaq?
  • Şanslar bərabərdir. “Qarabağ”ın keyfiyyəti bəllidir, buna uyğun oynayacağıq. Kimin mərhələ keçəcəyini Allah bilir.
  • Səfər qolu qaydasının ləğv edilməsi sizin üçün üstünlük sayıla bilərmi?
  • İstənilən dəyişiklik yenilik gətirir. Bugünkü oyunda daha çox müdafiədən oynadıqsa, cavab matçında hər iki komanda daha çox hücum futbolu oynayacaq. Komandamdan razıyam. 14 ildən sonra Avropadayıq və gənc komandayıq. Ümid edirəm ki, cavab matçında yaxşı nəticə əldə edə bilərik.
  • Ot örtüyü daha yaxşı olsaydı, nəticə fərqli olardı?
  • Əminəm ki, meydançanın oyun keyfiyyətinə təsiri oldu. Lakin nəticəni müəyyənləşdirən tək meydança olmadı. Burda bir sıra amillər də var.
  • Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşmədiz. Sizdə belə bir adət yoxdurmu?
  • Qurbanovun həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. O, böyük bir futbolçu və məşqçi olub. Oyundan sonra futbolçularıma təşəkkür etmək üçün meydançaya getdim. Buradan çıxandan sonra Qurbanovla görüşəcəm. Bakıdakı qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm.
  • Gələcəkdə “Qarabağ”la rəqib olsaz və UEFA matçın Ağdamda keçirilməsinə razı olsa, siz harda oynamaq istərdiz? Bakıda, yoxsa Ağdamda?
  • Mən idmanı təmsil edirəm və sülhün tərəfdarıyam. İdmanla siyasəti qarışdırmaq istəmirəm. “Qarabağ”ın öz evində oynamasını istəyərdim.

Şahin Cəfərov