Maradonanı geridə qoydu

“Napoli” İtaliya A Seriyasının 35-ci turunda “Kalyari”ni məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş “Napoli”nin futbolçusu Dris Mertens üçün əlamətdar olub. Qarşılaşmanın 85-ci dəqiqəsində komandasının ilk qolunu vuran Mertens, “Napoli”nin İtaliya A Seriyasında ən çox fərqlənən 3-cü futbolçusu olub.

“Napoli”nin heyətində yerli çempionatda 82 qol vuran belçikalı hücumçu, bu göstəricidə sabiq futbolçu Dieqo Maradonanı geridə qoyub. Maradona “Napoli”nin heyətində İtaliya çempionatlarında 81 qola imza atıb.

“Napoli”nin klub tarixində ən çox qol vuran futbolçusu isə Antonio Voyakdır. Onun aktivində 102 qol var. İkinci sırada isə 100 qolla Marek Hamşikdir.