Taksi sürücüsünün bombardir oğlu Yazı+Fotolar

İngiltərə Premyer Liqasında daim bombardirlər sırasında olan bir futbolçu var. O, son mövsümdə vurduğu 21 qolla komandasının Premyer Liqada çempion olmasında böyük pay sahibi oldu. Bir sözlə, “Mançester Siti” son illərdə qazandığı uğurlara görə Kun Aqueroya da borcludur.

Körpə Aquero

Əsl adı Serxio Leonel Aquero Del Kastillo olan futbolçu 1988-ci il iyunun 2-də Argentinada dünyaya gəlib. Kasıb və böyük bir ailədə dünyaya gələn Aqueronun atası taksi sürücüsü kimi işləyirdi. Aquero doğulmamışdan əvvəl ailəsi böyük çətinliklərlə üz-üzə qalıb. Əvvəlcə evlərini su basan bu ailə, bir məktəbdə gecələməli olub. Ailə bir neçə dəfə xəstəxana xərclərini ödəyə bilmədiyi üçün qovulandan sonra, nəhayət, Aquero kiçik bir xəstəxanada dünyaya gəlir, amma ailənin çətinlikləri bitmir…

Aqueronun ailəsinin olduğu ərazini su basır

Aquero doğulduqdan sonra ad və soyad məsələlərində problem yaranır. Evlərini su basan zaman evliliyə aid və digər sənədləri itirən ailə, uşağa Del Kastillo soyadını verə bilməyəcəkdi. Əvvəlcə ona Lionel adını vermək istəsələr də, bu adın kiməsə qoyulması Argentinanın rəsmi qurumları tərəfindən qadağan edilmişdi. Valideynləri ona Serxio Leonel adını və anasının soyadını – Aquero verməyə məcbur olur. Uşaq vaxtı Kum Kum dağının ətəyində ailəsi ilə yaşayan cizgi filmi xarakterinin macəralarını izləyən Aquero, məhz buna görə, bu gün hamının yaxşı bildiyi Kun ləqəbini daşıyır:

“Bunu sevməyə başladım, çünki bənzərsiz idi. Bir cizgi filmi xarakterindən sonra bu ləqəbdə bir futbolçunu görmək çətindir, amma bu, mənim üçün çox gözəl oldu”.

Çətin şəraitdə dünyaya gələn və böyüyən Serxionun həyatı 8 yaşında dəyişməyə başlayır. Argentinanın köklü klublarından olan “İndependyente”nin məşqçilərindən biri Rikardo Boçini onu futbol oynayarkən görmüş və futbola gətirmək istəimişdi. Qısa zaman ərzində komandaya uyğunlaşdırılan Aquero, hər keçən gün özünü inkişaf etdirirdi.

O, 15 yaşında əsas komandaya gətirilir və Pele, Dieqo Maradona kimi futbolçulardan daha tez peşəkar futbola başlaması ilə adından söz etdirir.

Aquero və atası

2003-2006-cı illəri “İndependyente”nin əsas komandasında keçirən futbolçu, burda göstərdiyi oyunla Avropa klublarının diqqətini öz üzərinə çəkməyi də bacarır. Onun Avropadakı ilk klubu isə “Atletiko” olur. 2006-cı ildə, cəmi 18 yaşında 21 milyon avro müqabilində Madrid təmsilçisinə transfer olunan Kun, elə ilk mövsümündən istedadını İspaniya meydanlarında göstərməyə başlayır.

Aquero anası ilə

Bir il sonra – 2007-ci ildə Fernando Torresin komandadan ayrılması ilə əsas heyətin dəyişilməz üzvünə çevrilir. Ümumilikdə, 5 il ərzində “Atletiko”nun formasını geyinən argentinalı futbolçu, 98 qolla yadda qalır.

Aquero, atası və anası

“Atletiko”da əldə etdiyi uğurlu nəticələrdən, göstərdiyi oyundan sonra onu klubda saxlamaq çətin olacaqdı. 2011-ci ildə 36 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunan Aqueronun İngiltərədə necə çıxış edəcəyi maraq doğururdu. Amma…

O, “şəhərlilər”in heyətində keçirdiyi elə ilk mövsümdə Premyer Liqada vurduğu 23 qolla bütün şübhələrə son qoydu. Ümumlikdə isə o, həmin mövsüm iştirak etdiyi 40 oyunda 30 qolla yadda qaldı.

17 yaşından Argentina millisinin şərəfini qoruyan Aquero, yığmanın lideri Lionel Messi ilə yaxın dost olması ilə də bilinir. Bundan başqa, Messi Aqueronun oğlunun “xaç atası” sayılır.

Aquero 2007-ci ildə Maradonanın qızı Cannina ilə evlənsə də, bu evlilik uzun çəkmir. Bu evlilikdən Benjamin adlı oğlu dünyaya gələn cütlüyün ayrılma səbəbi bilinməsə də, Aqueronun “Mançester Siti”yə transfer olunması və Canninanın onunla İngiltərəyə getmək istəməməsi ehtimallar arasındadır.  


Aqueronun Maradonanın qızı ilə evliliyi uzun sürmədi

Bir çox futbolçu kimi onun da döymələrə böyük sevgisi var. Sağ qoluna “Üzüklərin şahı” döyməsini elətdirən argentinalı futbolçu, sol qoluna oğlunun adını və doğum tarixini həkk eləyib.

Maradonanın nəvəsi, Aqueronun oğlu – Benjamin

Aquero ilə bağlı mətbuatda yayılan bir xəbər də var. Onun “Mançester Siti”dəki karyerasını bitirəndən sonra Argentinaya dönəcəyi deyilir. Təbii ki, onun futbolçu kimi formalaşmasında böyük rolu olan “İndependyente” klubuna.

Aygül Qarayeva