
“Mançester Yunayted”in azarkeşləri etiraz aksiyası keçirəcək
“Mançester Yunayted”in azarkeş qruplarından biri – “The 1958” klubun baş məşqçi Ruben Amorimi postundan çıxarmasına sərt reaksiya verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qrupun nümayəndəsi qərarın yalnız oyunların nəticələrinə görə verilmədiyini, əsas səbəbin keçmiş baş məşqçi ilə idman direktoru Ceyson Uilkoks arasındakı gərgin münasibət olduğunu bildirib.
Azarkeşlərin sözlərinə görə, qərarı klubun təcrübəsiz baş direktoru Omar Berrada təsdiqləyib və müstəqil idarəçilik nümayiş etdirməyib. Nəticədə, “Mançester Yunayted” yenidən təcrübəsiz rəhbərlik altında idarə olunur, bu isə həm nəticələrə, həm sabitliyə, həm də azarkeşlərin inamına mənfi təsir göstərir.
Qrup vurğulayıb ki, onlar nə Amorimi, nə də onun taktikasını müdafiə edirlər, amma onun işdən çıxarılması klubdakı xaosu göstərir. “Mançester Yunayted” artıq toksik bir idarəçilik şəraitindədir: Qleyzer ailəsi və digər sahiblər həm yuxarıdan, həm aşağıdan klubdan pul çıxarır, amma uzaqgörən idarəçilik yoxdur.
“The 1958” qrupunun nümayəndəsi bildirib ki, azarkeşlər fevralın 1-də etiraz aksiyası keçirəcəklər:
“Cim Ratkliff (“Mançester Yunayted”in həmsahibi) görünür ki, klubu sirkə çevirən qeyri-peşəkar bir gülməli fiqurdur. Biz qrup olaraq tamamilə məyus olmuşuq”.
Bizi Facebook-da izləyin



