“Mahir necə oyunçudur ki, mövqeyini tamamilə dəyişir?” – Vukoviç

Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandar Vukoviç Varşava təmsilçisindən ayrılmaq istəyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunu anlamaqda çətinlik çəkdiyini açıqlayıb:

“Ötən ay Mahirlə söhbətdən sonra demişdim ki, onun barədə məndə müsbət təəssürat yaranıb. Yanvarda görüşməyə razılaşmışdıq. İndiki vəziyyət və yanaşmasındakı dəyişiklik məcbur edir ki, belə fikrə gələk: Bu, necə oyunçudur ki, əvvəlcə yanvardan məşqlərə qatılmağa və heyətdə yer uğrunda mübarizəyə hazır olduğunu bildirir, sonra isə mövqeyini tamamilə dəyişir?! Mahir ilk məşqimizə və tibbi baxışa gəlmədi. Bu ay mənim onunla birbaşa təmasım olmayıb. Birləşmiş Ərəb Əmirliklərinə hamımız birgə uçmamışıq. Mənim üçün yalnız komandada kimin kimin oynayıb-oynamayacağı önəmlidir. Bu, çox sadə məsələdir. Kim “Legiya”da olmaq istəmirsə, bunu mümkün qədər tez öyrənməyə üstünlük verirəm. Söhbət təkcə Emrelidən yox, komandada olmayan istənilən oyunçudan gedir. Məsələni aydınlaşdırmaq üçün belə edirəm. Həyatda elə hallar olur ki, insanın kim olduğunu öyrənirik. Lukinyas barədə təsəvvürüm var, amma bu gün Emrelinin kimliyini bilmirəm”.

Xatırladaq ki, Mahir Emreli “Legiya”nın qış təlim-məşq toplanışına qoşulmayıb. O, məlum insidentlə əlaqədar klubla müqaviləsini pozmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button