“Mənə zəng vurub deyəndə ki, səninlə “Neftçi” maraqlanır…” – “Neftçi”nin yeni transferi

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin yeni transferi Voyislav Stankoviç açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”a keçidindən danışan serbiyalı müdafiəçi, təlim-məşq toplanışını da dəyərləndirib:

“Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Mənə zəng vurub deyəndə ki, səninlə “Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı. Mənimlə yanaşı, burdakı hər bir futbolçu “Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır.

Hər şey qaydasındadır. Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilmərsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq.

“Speranta” haqda məlumatımız var. Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. “Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”.

“Neftçi” bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button