Məşqçilər Komitəsinin Yurçeviçdən xəbəri yoxdur?! – Müsahibə

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

– “Kəpəz”də Müşahidə Şurasına üzv seçilməyinizlə bağlı mətbuatda çıxan xəbərlər nə dərəcədə düzgündür?

– Bütün mətbuata çatdırsam da, heyf ki, tamamilə fərqli xəbərlər yayılır. Sırf AFFA rəhbərliyi xahiş edib ki, müvəqqəti olaraq, “Kəpəz”in idarə heyətində yer alım. Ona görə ki, burda olan cari məsələlər yığılıb və onu həll etmək üçün tam heyət formalaşdırmaq lazım idi. Üç aylıq məvaciblər yığışmışdı, artıq cümə günü bütün məvaciblər də ödənilib. Mən də, bu mövsümün sonuna qədər klubun idarə heyətinə üzv seçilmişəm. Azəbaycan futbolunun, “Kəpəz”in naminə buna razılıq verdim ki, cari məsələlər öz həllini tapsın.

– “Kəpəz”in bu mövsüm uğursuz çıxışının səbəbini nədə görürsüz?

– Bunu təhlil edib, sonra nəsə demək düz olar. Hazırda ən vacib məqam odur ki, artıq “Kəpəz”in aşağı yaş qruplarında olan Gəncənin yetirmələrini, müxtəlif yaş kateqoriyalarından ibarət milli komandalarda görməyə başlamışıq. Yeni gənclər yetişir, üzə çıxır. Onlar da ayrı-ayrı yığma komandaların aşağı yaş qruplarının maraq dairəsinə düşüb.

– Nikola Yurçeviçin milli komandanın baş məşqçisi olmağa namizədliyi sədri olduğunuz Məşqçilər Komitəsinin məsləhətiylə olubmu?

– Hələlik, mən bildiyim odur ki, Yurçeviç danışıqların ikinci mərhələsini davam etdirmək üçün Bakıya gəlib. Təyinatın rəsmiləşməsiylə bağlı bir məlumatım yoxdur. Bizə deyilən odur ki, AFFA rəhbərliyi baş məşqçi axtarışını üç istiqamətdə aparır. Birincisi, yüksək ödənişli və tanınmış məşqçi, ikincisi, yaxşı futbolçu karyerası olub, yüksək ödənişli, yeni məşqçiliyə başlayanlar, üçüncüsü isə, az ödənişli və tanınmamış məşqçi. Əsas seçim az pul xərcləyərək, baş məşqçi gətirmək və pulu daha çox uşaq futboluna yönəltməkdir. Bildiyimiz bu qədərdir.

– Deməli, Məşqçilər Komitəsi namizədlərlə bağlı heç bir təklif irəli  sürməyib?

– Biz bir ağsaqqal, Məşqçilər Komitəsi olaraq, öz tövsiyələrimizi əsirgəmirik. Bu məsələdə də, yaranmış vəziyyətlə bağlı öz tövsiyələrimizi veririk. Hazırda bizə “bu istiqamətlərdə məşqçilər axtarılır” deyilib. Bizim əsas istiqamətimiz üçüncü kateqoriyadır, yəni, məşqçilərə artıq pul verməkdənsə, uşaq futbolunu inkişaf etdirməyi məqsədəuyğun sayırıq. Bizimlə ancaq bu barədə müzakirələr gedib, ad, hansısa bir məşqçi haqda söhbət getməyib. Biz sırf istiqaməti müəyyən etmək üçün müzakirələr aparmışıq.

– Yurçeviç milli komandaya baş məşqçi təyin olunsa, Azərbaycan yığmasıyla nəyə iddia etmək olar?

– Kimin təyin olunmasının önəmi yoxdur, əsas, hamımız milli komandanın uğur qazanması üçün çalışmalıyıq. Hər birimizin niyyəti eyni olarsa, mütləq istədiyimizə nail ola bilərik.

– Sizcə, Yurçeviç, Robert Prosineçkidən daha yaxşı mütəxəssisdirmi?

– Prosineçki yaxşı futbolçu karyerası olan, lakin məşqçiliyə yeni başlayan mütəxəssis idi. O, öz nüfuzunu sırf Azərbaycan futboluyla tanıtdırıb. Sonrasında da ayrı-ayrı yığmalara dəvət alıb. Prosineçki Azərbaycan milli komandasına rəhbərlik etdikdən sonra Avropaya yaxşı baş məşqçi olduğunu sübut etdi. Kimin təyin olunmasının fərqi yoxdur, arzu edirəm ki, Azərbaycan millisi Avropada özünü təsdiq edərək, hər birimizi sevindirsin.

Şahin Cəfərov