Məmməd – Muhammed

Hüseyn Cəbrayıloğlu

“Baş katib” ifadəsini bir vaxtlar ən çox BMT-nin adı çəkiləndə eşidərdik. Bizim məmləkət üçün bu ifadə bir az yad kimi səslənirdi.

İnsafən, Elxan Məmmədovun AFFA-nın baş katibi vəzifəsinə gətirilməsi ilə hər şey dəyişdi. Bu ifadənin dəbə minməsində Məmmədovun xüsusi zəhməti, əziyyəti oldu və 28 yaşında adıçəkilən postda oturan Məmmədovun hər il yaşının üstünə yaş gəldikcə, xüsusi idarəçilik qabiliyyəti, özünəməxsus manevrləri, ölkənin ən sanballı ağsaqqal futbol adamlarını min manat qarşılığında arxasıyca sürüməsi, haqqında mənfi fikir söyləyənləri ac-susuz qoyması, bölgələrdə sıradan futbol toplarının çatışmadığı halda hesabat konfranslarında 6-7 rəqəmli məbləğlərin silinməsi, onun indi dəyişən vəzifə adının – icraçı vitse-prezident ifadəsinin əslində şəxsindən aşağı səsləndiyi qənaətini yaradır. Adam baş katibdir, vəssalam! Burada bütün mənalarda “baş” ifadəsi onun üçün keçərli və yararlıdır. Hərçənd bəzi dostlardan aldığım bilgiyə görə Məmmədovun xüsusi dolandırdığı media nümayəndələri var və buna görə ölkənin idman mediası ikiyə bölünüb. Necə ki, ölkədə futbol veteranları ikiyə bölünüb, media sahəsində də vəziyyət eynidir: qılınc altdan keçənlər və keçməyənlər.

Mən isə Elxan Məmmədov haqqında heç zaman sərt yazmamışam, yaxud ibarəli, kinayəli ifadələr işlətməmişəm. Hətta vaxtı ilə çalışdığım qəzetdə belə, “Palanı döyənlər” başlıqlı koşə yazımda bütün hücumların baş katib Elxan Məmmədova deyil, AFFA prezidentinə ünvanlanmalı olduğunu dilə gətirmişəm. Çünki hissiyatım, xəyal gücüm Məmmədovun nələr edə biləcək səviyyəsini, bacarığını görürdü. Mən bu gün də sevinirəm ki, Elxan müəllim kənd təsərrüfatı naziri deyil. Tanrı bizə bunu nəsib etsəydi, inəklər süd əvəzinə su verər, mal-qara ot əvəzinə asfalt yalayardı. Gözəlim məmləkətdə yediyimiz dana əti əvəzinə at əti olardı.

Bəzən respublikada hətta ölkə başçısının açılışını etdiyi stadionların bağlı olduğunu, bölgələrdə futbolun demək olar məhv olduğunu görəndə Allaha sükürlər edirəm. Düşünürəm ki, Elxan Məmmədov iqtisadiyyat naziri olsaydı, millətə çörək əvəzi jmıx yedirdirdi. Mən hələ düşünmək istəmirəm ki, illər əvvəl adamın vəzifə quşu onu AFFA-ya deyil, ölkə iqtisadiyyatının az qala tamamının asılı olduğu neft şirkətinə gətirsə, necə olardı. Bunu düşünmək belə, şəxsən məni həyəcanlandırır. Ona görə də, sevinmək, rahat nəfəs almaq olar. Futbol elə bir nəsnədir ki, çörək qədər, neft qədər önəmli deyil. Futbol adına ölkədə bir şey qalmadığı üçün başqa ölkələrin futbolunu izləmək, onların klublarına azarkeşlik etmək olur. Nə fərqi var, futbolu Məmməd oynadı, yoxsa Muhammed.

Bax, ona görə də, sizin, yəni qılınc altından keçməyən media nümayəndələrinin bəyənmədiyi Elxan Məmmədov növbəti dahi, strateji addımını atıb. Ölkədə cempionat, kubok oyunları getdiyi bir vaxtda Azərbaycan millisinin baş məşqçisini Türkiyəyə göndərib. Göndərib ki, burda onsuz da olmayan Məmmədləri yox, Muhammedləri izləsin. Sizin üçün bunun fərqi var?