Lazım gələrsə…

Rəşad Fərhadoğlu

Sivilizasiyaların toqquşması olan Azərbaycan dünyanın yeganə ölkəsidi ki, orda istər Yeganə adı daşıyan insanlar çoxdu, istərsə də özünü yeganə sayanlar. Məsələn, tək məmləkətik ki, savadlı, dünyagörüşlü insanların deyil, xalqı sömürməklə cibini dolduran, kreslosunda əbədiləşən şəxslərin ətrafına toplaşıb, ağzını marçıldatmasına baxırıq. Yeganə ölkəyik ki, təhsilimiz olmaya-olmaya təhsildən, savaddan danışırıq. Nə üzə çıxarılası ali, nə də orta məktəbimiz var. Üzə çıxan təhsil ocaqlarındakı intim videoları, özünü öldürmələr və müəllimi döymələrdi.

Müharibə istəyirik. Kiminlə? Bilmirik. Sülh istəyirik. Kiminlə? Məlum deyil. Futbol oynayırıq. Hansı rəqiblə? Bax bunu bilirik – ÖZÜMÜZLƏ! Siyasilərimiz Almaniyaya kəllə atdıqları kimi, futbolçularımız da meydana hansı komanda çıxdığının fərqinə varmırlar. Nəticədə… U-21 adlı AFFA-nın bordadığı komanda var. Daha doğrusu, baş məşqçisi var. Hardan tapıblar, əvvəllər nəylə məşğul imiş, bəlli deyil. Amma hazırda pornoqrafiya janrında xarüqələr yaratdığı dəqiqdi. Lixtenşteynə məğlubiyyət onun yaradıcılığının “şah əsəri” oldu. Azərbaycan adlanan ölkədə lap başdan sonuncuyadək nə qədər yalan danışdığını, insanların şizofreniya xəstəliyinə yoluxduğunu hamıya car çəkdi, Məmmədov Elxanın bu “tapıntı”sı. Elə əslində, belə baş katibi olan AFFA-nın belə də baş məşqçisi olar.

Düşünürük ki, Lixtenşteyn nə ölkə, futbolu nə futboldu ki, uduzub, özümüzü biabır etdik. Əslində isə reallıq tam fərqlidi. Özümüz bir şey deyilik, olmamışıq və olmayacağıq da. Bu ağıl, bu düşüncə tərzi, bu baxış bucağı ilə. Azərbaycan futbolunun hansı səviyyədə, nə durumda olduğunu bilmək istəyirsizsə, Siyavuş Novruzovun millinin formasıyla, özü də orijinal formasıyla çəkdirdiyi şəkilə baxın. Təhlil etməyə ehtiyac qalmayacaq.

Avropanın istənilən ölkəsində millinin məğlubiyyəti faciə kimi qəbul olunmur. Çünki futbol reklam üçün istifadə olunmur. Futbol qərblilər üçün futboldu. Onun marketinqi ilə də məşğul olanı var, tənqidi ilə də. Diktaturaya meylli ölkələrdə isə futbol ölkənin çirkin simasını ört-basdır etmək üçündü. Yəni funksiyası rezinlikdən ibarətdi. “Qarabağ” Çempionlar Liqasının, “Neftçi” isə Avroliqanın qalibi ola bilər, eyni vaxtda. Bu, Azərbaycan reallığını dəyişə bilməz. Reallıq bizim ölkənin nə qədər “geydirmə ölkə” olduğunu göstərir. Fərdlərdə günah yoxdu, problem sistemdən qaynaqlanır. Ermənistan rəhbərliyi ilə qondarma və dondurma Qarabağ rəhbərliyi arasındakı fərqin bizə də aidiyyatı var. Çünki rusca düşünən erməniylə rusca düşünən azərbaycanlı arasında heç bir fərq yoxdu. İnkişafa badalaq vuracaq qafadadılar hər ikisi də. Problem yalnız bunda da deyil. Məsələn, elə həmin Novruzov Siyavuş azərbaycanca düşünür. Amma əməlləri bu dilə kölgə salır, salacaq da…

Xülasə, başımız sağ olsun. Lazım gələrsə, yeni səhifə açarıq. Gəlib çıxarsa!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button