La Liqa klubunda məvaciblər azaldıldı – RƏSMİ

İspaniyanın “Espanyol” klubu futbolçu və məşqçi heyəti ilə məvaciblərin azaldılmasına dair razılığa gəlib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, koronavirus pandemiyasına görə İspaniya çempionatında fasilə yarandığından, klubun daha ciddi maliyyə itkiləri ilə üzləşməməsi üçün, məvaciblərdə müəyyən endirimlər nəzərdə tutulub. Klub rəhbərliyinin qərarına əsasən, 2019/20 mövsümü bərpa olunmasa, futbolçu və məşqçilərin maaşları 19 faiz azaldılacaq. Mövsüm başa çatdırılacağı halda isə, hər kəsin məvacibindən yalnız 4 faizi kəsiləcək.

Kataloniya klubunun açıqlamasında o da diqqətə çatdırılıb ki, müddəti bu ilin 30 iyununda başa çatacaq bütün müqavilələr avtomatik olaraq bu mövsümün faktiki başa çatacağı vaxta kimi uzadılacaq.