
Kristensen “Barselona”nın təklifinə cavab verməyə tələsmir
“Barselona”nın müdafiəçisi Andreas Kristensen yeni müqavilə təklifi alsa da, hələlik qərarını verməyib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi danimarkalı futbolçuya maaşının azaldılması şərti ilə bir illik yeni müqavilə təklifi irəli sürüb. Ancaq oyunçunun bu şərtlərlə razılaşıb-razılaşmayacağı hələ dəqiq deyil.
Bildirilir ki, yayda “İnter”dən Alessandro Bastoninin transferi baş tutarsa, Kristensenin komandadakı gələcəyi daha da sual altına düşə bilər.
29 yaşlı müdafiəçi daha əvvəl dizinin çarpaz bağlarından zədə alaraq, təxminən bir ay yaşıl meydanlardan kənarda qalıb. O, cari mövsümdə bütün turnirlərdə 17 oyunda iştirak edib və 1 qol vurub.
Kristensenin “Barselona” ilə müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq.
Bizi Facebook-da izləyin



