Kömək edin, burda adam “öldürürlər”!

Kürşad

“Neftçi”nin adı, soyadı italyan, düşüncəsi azərbaycanlı düşüncəsi olan baş məşqçisi Roberto Bordin “Sabah”la oyunda azarkeşlərin “istefa” tələbi ilə bağlı deyib ki, “Onlar məncə, əsl “Neftçi” azarkeşləri deyildi. Məncə, bu, öyrədilmiş bir şey idi”.

Ay italyan, ay qağa, “Neftçi”yə yeni gəlişində Avropa Liqasında Macarıstan “Uypeşt”i ilə Bakıdakı oyun yadındadırmı? 3:1 hesablı möhtəşəm qələbə və hamı “Neftçi”nin artıq mərhələni keçdiyini düşünüb, sevindiyindən “kepka”sını göyə fırladırdı. Bir həftə sonra Macarıstandan “Neftçi”nin vay xəbəri gəldi – 0:4 hesablı məğlubiyyət, əlvida, Avropa Liqası, əlvida, arzular, əlvida, xəyallar.

Düzünü de, Bordin, səni kim öyrətmişdi “Neftçi”ni o cür biabır etmişdin, azarkeşlərin hissləri ilə oynamışdın?

Ay italyan, ay dədə, keçən mövsüm “Qarabağ”ın başı qarışdı Avropa Liqasına, “Neftçi” Azərbaycan Premyer Liqasında hegemonluq etməyə başladı. Yadındadırmı? Hətta iş o yerə çatmışdı ki, qışda “Qarabağ”ı 5 xal geridə qoyurduz. “Neftçi” azarkeşləri yenə sevinc içində idilər, çempionluq az qala ovuclarının arasında idi. Birdən nə oldu, nə olmadısa, mövsümün sonunda çempion “Qarabağ” oldu. Yenə əlvida, arzular, əlvida, xəyallar.

Boynuna al, Bordin, səni kim öyrətmişdi çempionluğu öz əllərinlə “Qarabağ”a təhvil verdin?

Elə bu yay ətək-ətək pullar xərcləndi, transferlər edildi, “Neftçi” Avropa Liqasında mübarizəyə start verdi. Rusiya “Arsenal”ı ilə möhtəşəm oyunlardan sonra hamı komandanı Avropa Liqasının qrup mərhələsində görməyə başlamışdı. Sonra… sonra büdcəsi “Neftçi”nin büdcəsindən iki dəfə az olan həmin o “Bney Yehuda”… Tərs bir sillə və “neftçilər” üçün Avropa xəyalları suya düşdü. Elə “Neftçi” azarkeşlərinin arzuları, istəkləri də.

Etiraf elə, Bordin, səni kim öyrətmişdi, sən kimə “işləyirsən”, hər dəfə ölkənin ən köklü klubunun başına bu oyunları açırsan, azarkeşlərinin hissləri ilə oynayırsan? Səni kim məcbur edir “Neftçi”yə qənim kəsil deyə? Elxan Məmmədov? Kamran Quliyev? Kim də, a kişi, kim?

Adı, soyadı italyan olub, beyni azərbaycanlı beyni olan Bordin qağa, əlini qoy ürəyinin üstünə, vicdanla de – öyrədilmişə kim daha çox oxşayır: sən, yoxsa sənin və “Neftçi”nin yarıtmaz rəhbərliyinin işlərindən təngə gələn azarkeşlər?

P.S. Adamın var gücü ilə qışqıraraq, “kömək edin, burda adam öldürürlər!” deməyi gəlir. Gözümüzün önündə Elxan Məmmədov və onun “Neftçi”dəki əlaltıları italiyalını – Roberto Bordini “öldürürlər”, onun cismi üzərində azərbaycanlı yaradırlar.