“Klubun sponsoru olmadığından, hazırlıq üçün Bakını seçdik” – “Kəpəz”in baş məşqçisi

“Çox istərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək”.

Komanda.az xəbər verir ki, bunu “Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

47 yaşlı mütəxəssis komandasının yeni mövsümə Bakıdakı “Dalğa Arena”da hazırlaşmasını dəyərləndirib:

“Klubun sponsoru olmadığından, hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdür, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik. Planımızda beş oyun var idi ki, digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Təəssüf ki, komandalar ölkə xaricində olduqlarından, istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq”.

Məmmədov Bakı toplanışını tez başa vuraraq, Gəncəyə dönmələrinin səbəbini də izah edib:

“Bakıda rəqib tapa bilmədiyimizdən, Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə qarşılaşacağıq. Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.

“Kəpəz” Premyer Liqanın 2023/2024 mövsümünün ilk turunda avqustun 6-da “Neftçi”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button