Klub prezidenti futbolçunu hədələdi – “Havayı getsən, öldürəcəm”

“Valensiya”nın prezidenti Anil Murti komandanın yarımmüdafiəçisi Karlos Solerunu təhdid edib.

Komanda.az xəbər verir ki, “Superdeporte” nəşri internetdə prezidentlə futbolçu arasında söhbətin audio yazısını yayıb. Murti futbolçuya deyir:

“Sən yanvarda havayı getsən, mən səni mətbuat vasitəsilə öldürəcəm. 100 min avro! Sən bu məbləği gətirməlisən. Sən bizim akademiyada yetişmisən, klub sənə görə xərc çəkib”.

İnternetdə yayılanlardan sonra “Valensiya” bəyanatla çıxış edib:

“Yayılan səs yazısı kontekstdən çıxarılıb və mübahisə yaratmaq cəhdi üçün redaktə edilərək saxtalaşdırılıb. Klub prezidentinin icazəsi olmadan kontekstdən kənar, şəxsi söhbətdən götürülmüş və qeyri-qanuni qeydə alınmış bu audio yazılar şəxsi həyatın toxunulmazlığına hücumdur.

Bu addım, “Superdeporte”nin son aylarda “Valensiya”ya qarşı həyata keçirdiyi qarayaxma kampaniyasının bir hissəsidir. Bu kampaniya bir neçə ay əvvəl onların təklifi rədd edildikdən sonra başladı. Qəzet “Valensiya”dan reklam üçün on minlərlə avro tələb edirdi”.

Soler bu mövsüm İspaniya Liqasında 31 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin