“Kim olduğumuzu, nə istədiyimizi bilirik” – Zidan

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında Ukraynanın “Şaxtyor” klubunu qəbul edəcək “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, turnirdəki hədəfləri və zədəli futbolçu Eden Hazardla bağlı danışıb:

“Kim olduğumuzu, nə istədiyimizi bilirik. Bu, Çempionlar Liqası oyunudur və biz öz meydanımızda oynayacağıq. Vacib olan, belə oyunlara yaxşı hazırlaşmaqdır. Bu turnirdə qalib gələ biləcək bir çox komanda var və biz onlardan biriyik. Bilirik ki, çətin anlar olacaq. Çempionlar Liqasında da böyük gözləntilərimiz var.

Hazardın zədəsi düşündüyümüzdən də ağır oldu. İnanıram ki, onu tez bir zamanda yanımızda görə biləcəyik. Bizim üçün əsas məsələ onun geri qayıtması və mövsümə uyğunlaşmasıdır”.

“Real” – “Şaxtyor” matçı bu gün, saat 20:55-də start götürəcək.