Namaşko “Qarabağ”ın futbolçusuna çatdı

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 20-ci “quru oyun”unu keçirib.

Komanda.az xəbər verir ki, moldovalı qolkiperin yubileyi 5-ci turun “Neftçi” ilə matçına təsadüf edib. 0:0 hesabı ilə başa çatan görüşdə qol buraxmayan Stanislav mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb.

Bununla da, Namaşko mövsümün rekordçusu olan Şahruddin Məhəmmədəliyevə çatıb. “Qarabağ”ın qapıçısı ilk üç turda qol buraxmayıb.

Moldovalının əvvəlki 17 “quru oyun”u AZAL-ın heyətində qeydə alınıb. O, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 14 dəfə qapısını toxunulmaz saxlayıb.

Namaşko Premyer Liqada ümumilikdə 59 matç keçirib. Qapıçı bu matçlarda 62 top buraxıb.