“Bizim rəhbərliyin kiminsə pulunda gözü yoxdur” – Müsahibə

“Keşlə”nin müdafiəçisi Ruslan Əmircanovun Komanda.az saytına müsahibəsi:

  • Ruslan, Premyer Liqanın son turunun “Qəbələ” ilə səfər matçından (0:2) məğlub ayrıldız. Oyunla bağlı fikirlərin necədir?
  • Oyuna ciddi hazırlaşmış, rəqibi yaxşı təhlil etmişdik. Hazırlıq barəsində problem çəkmədik. Məşqçinin verdiyi tapşırıqları da məşqlərdə yerinə yetirirdik. Ancaq oyun istədiyimiz kimi alınmadı. Düzdür, məğlub olduq, lakin matçda mənfi şeylər də var idi, müsbət də. Qolları da özün görmüsən yəqin. İki qolda da oyundankənar vəziyyət var idi. VAR sistemi olsaydı, o qolların heç biri sayılmazdı. Düzdür, istəmədiyimiz nəticə ilə qayıtdıq. Orda qələbə qazanmaq bizim üçün hava-su kimi lazım idi. Qarşıda bizi “Zirə” ilə matç gözləyir. Evdə oynayacağıq, çətin olacaq. Nə olur olsun, uduzmamalıyıq, ancaq qələbə haqda düşünürük.
  • Rəqibin iki qolu da mübahisəli olsa belə, nəticədə məğlub olan tərəf siz olduz. Bəs sizin qol vurmağınıza nə əngəl oldu?
  • Rəqibin qolları mübahisəli idi. Amma biz özümüz də qol vurmaqda çətinlik çəkirik. Elə bil şans bizdən üz döndərib, sadə səhvlərimizdən də qol buraxırıq. Özümüz qol vuraq deyə, bütün komanda əziyyət çəkir. Belə baxanda, oyunda bizim də iki dəfə yüz faizlik epizodumuz oldu. Birində Anatoli Abanq təkbətəkdə topu çölə vurdu. Nə deyim, hələ şans üzümüzə gülmür. Ümidimiz var, çempionatın sonuna qədər mübarizə aparacağıq. Ümid sonda ölür. İndi biz səhvlərimizdən nəticə çıxarıb, belə səhvlərə yol verməməliyik. Oyunda yaxşı məqamlar da var idi. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Heyətimizdə təcrübəli futbolçular da çoxdur. Bəxtimiz də gətirmir, vururuq, ya dirəyə dəyir, ya çölə çıxır. İnşallah, bunlar da düzələcək. Çalışmaq lazımdır, lap 90 dəqiqədə bir imkanın olsun, amma onu da qola çevirəsən.
  • Növbəti turda çətin “Zirə” matçı var. Oyunda qələbənin hava-su kimi lazım olduğunu dedin. Bəs üç xal qazana bilməsəz, nə olacaq?
  • Doğrudan, “Zirə” çox çətin rəqibdir. Rəqibimizə hörmətlə yanaşırıq, ancaq məğlub edilməyən komanda yoxdur. Dünyanın ən güclü komandalarını da udmaq olur. Düzgün taktika ilə oynayıb, məşqçinin verdiyi tapşırıqları sona qədər yerinə yetirməliyik. Rəqibi təhlil edib, zəif və üstün cəhətlərinə baxacağıq. Biz onlardan qələbəni daha çox istəməli, daha çox qaçmalı, daha çox məsuliyyətli olmalıyıq. Onlardan hər şeydə bir addım öndə olmalıyıq. Ancaq belə halda qələbə qazana bilərik. Komanda şəklində bir olmalıyıq. Saat kimi işləməli, bir yumruq kimi eyni yerə vurmalıyıq. Komandamızın potensialı var, oyuna çox ciddi hazırlaşıb qələbə qazanmalıyıq.
  • Komandanın yeni baş məşqçisi Sənan Qurbanovun təyinatını necə dəyərləndirirsən?
  • Sənan müəllim yaxşı məşqçidir. Müasir futbol oynatmaq istəyir və öz iddiaları var. Komandaya yeni təyin olunub və istədiyi futbolu tətbiq etmək üçün ona vaxt lazımdır. Düzdür, bizim indi bu qədər vaxtımız yoxdur. Ancaq tez bir zamanda Sənan müəllimin istədiyi futbolu oynamalıyıq və inanıram ki, bunu bacaracağıq.
  • “Keşlə” tez-tez baş məşqçi dəyişikliyinə gedir, futbolçular bir məşqçiyə uyğunlaşmamış yenisi gəlir. Bu dəyişikliklər komandaya necə təsir edir?
  • Məşqçi dəyişikliyi futbolçulara təsir göstərir. Lakin komandamızdakı futbolçular hamısı təcrübəlidir. Məşqçi dəyişikliyi rəhbərliyin işidir. Bizim işimiz yeni gələnə dəstək və kömək olmaqdır. Hər məşqçinin özünün futbola baxışı var. İndi də Sənan müəllimin rəhbərliyi altında yüksək templə çalışırıq. Hər birimiz peşəkar futbolçuyuq. Lap on məşqçi dəyişsin, biz narazılıq etməli deyilik. Çünki biz peşəkar futbolçuyuq və nə qədər təsir göstərsə də, yeni sistemə öyrəşməliyik. Buna baxmayaraq, hər şey futbolçuların əlindədir. Məşqçi meydana çıxıb futbol oynamır. Komanda udanda məşqçinin adı gedir, uduzanda da məşqçi hər şeyi öz boynuna götürür. Burda məşqçilik bir şey yoxdur. Oynayan biz futbolçulardır. Uçurumdan dağın zirvəsinə qalxmalıyıq, meydanda hər şeyimizi qoymalıyıq ki, komanda nəticə göstərə bilsin.
  • 2018-ci ildən “Keşlə”dəsən və burda baş məşqçilər – Mladen Milenkoviç, Tərlan Əhmədov, Yunis Hüseynovla çalışmısan, indi də Sənan Qurbanov. Səncə, bu məşqçilərdən ən uğurlusu hansı olub?
  • Hərəsi özünə görə məşqçidir, hərəsinin futbola öz baxışı var. Mən demirəm ki, kimsə kimdənsə güclüdür, ya da zəif. Belə faktla baxsaq, Tərlan müəllimin vaxtında komanda çempionatı üçüncü sırada bitirdi. Bu, danılmaz faktdır. Onun komanda üzərində əməyi böyükdür. O biri məşqçilərin də komandada böyük zəhməti var. Nəticəyə baxsaq, ən yaxşı Tərlan müəllimin vaxtıdır. Mən bunu deməklə o biri məşqçiləri pisləmirəm. Sadəcə, bu il bizim bəxtimiz gətirmir. 2004-cü ildə Yunis müəllimlə “Karvan”la mərhələ adlamışıq. O, Azərbaycan futbolunda ad-sanı olan məşqçilərdəndir. Sənan müəllim də “Qəbələ”də çalışıb və orda da nəticə qazanıb. Pis məşqçi olsaydı, heç onu bura gətirməzdilər. Deməli, nəsə potensialı var ki, komandaya gətiriblər. Bu il biz bəxt amilindən əziyyət çəkirik. Çoxlu imkanlarımız olur, dəyərləndirə bilmirik. Sonra da sadə qollar buraxırıq. Çalışmalıyıq ki, daha da təcrübəli və soyuqqanlı olaq. Nə qədər ki, qol epizodlarını boşa versək, uçurumdan qalxa bilməyəcəyik.
  • “Keşlə”də komanda daxilində problem olduğu deyilir. Mətbuatda çıxan xəbərə görə legionerlər üç aydır maaşlarını ala bilmirlər.
  • Hər bir komandada indiki vəziyyətlə bağlı problemlər var. Lakin bu bizim oynamağımıza təsir etmir. Bilirik ki, üç-beş gün gecikmə olsa da, veriləcək. Bu komanda bu günə kimi heç kimin pulunu özündə saxlamayıb. Komandadan ayrılanların da pulu qəpiyinə qədər ödənilib. Bizim rəhbərliyin kiminsə pulunda gözü yoxdur. Bir az gecikmələr ola bilər, bunu da başa düşürük. Pul məsələsi bizi narahat etmir. Bizi narahat edən sonuncu sıralarda getməyimizdir. “Pul yoxdur deyə, oynamırlar” kimi söhbət yoxdur, ola da bilməz. Özümüz yığışıb, bu durumdan çıxmalıyıq. Premyer Liqada olduğumuz yer bizə yaraşan yer deyil.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button