“Kəpəz” rəsmisindən klubdan ayrılacağı gözlənilən 3 futbolçu haqda AÇIQLAMA

Yerli mətbuatda yayılan xəbərlərə görə, “Kəpəz”in futbolçusu Fərid Nəbiyevin cari mövsümün sonunda Gəncə təmsilçisindən ayrılmaq məcburiyyətində olduğu bildirilib.

Nəbiyev klubla müqaviləsini daha bir illik uzadıb burada qalarsa, “Kəpəz” Çexiya “Viktoriya”sına təzminat ödəməli olacaq. Yəni, “Kəpəz” çexiyalıların istədiyi təzminatı ödəməsə, Fərid avtomatik olaraq, Gəncə klubundan ayrılacaq.

Ahmet Ayzayanın və Abdullahi Şuaybunun da yayda Gəncə klubundan gedəcəyi gözlənilir.

Adıçəkilən futbolçuların gələcək taleyi ilə bağlı yayılan məsələləri dəqiqləşdirmək üçün “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub sözçüsü Komanda.az-a açıqlamasında hələlik bununla bağlı fikir bildirməyin erkən olduğunu söylədi:

“Hazırda Azərbaycan Premyer Liqası davam edir. Bəzi futbolçularla müqaviləmiz cari mövsümün sonunda bitəcək. Bəzi oyunçularla isə sözləşməmizin sona çatmasına hələ bir il, il yarım var. Hazırda konkret hansısa futbolçunun adını çəkmək istəmirik.

Mövsüm sona çatsın, “Kəpəz”in Azərbaycan çempionatında qalmaq məsələsi reallaşsın, ondan sonra qeyd olunan istiqamətlərdə addımlar atılacaq. Bu barədə klubun taleyinə aydınlıq gələndən sonra, yəni bizim Premyer Liqada qalıb-qalmamağımız dəqiqləşdikdən sonra danışmaq olar. Hazırda bir qədər tezdir”.

Xatırladaq ki, “Kəpəz” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 28 xalla 7-ci pillədə qərarlaşıb. Onların 31-ci turdakı rəqibi “Şamaxı” olacaq.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button