“İtirəcəyimiz xal bizi panikaya sala bilər” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Oyundan öncə futbolçulara dedim ki, rəqibin sonuncu yerdə olması bizə rahatlıq verməməlidir. Matçın çətin olacağını bilirdik. “Zirə”yə məğlubiyyətdən sonra bir az təzyiq var idi. Qələbə yaxşı oldu.

Həyəcanlı oyun alındı. Kənardan bir az çox qışqırdıq. Əsas odur ki, qələbə qazandıq. Yaxşı əhval-ruhiyyə ilə sonrakı matça hazırlaşacağıq.

Bütün matçlar, demək olar ki, Bakıda keçirilir. Ən uzaq səfərimiz Sumqayıtdır. Dincəlməyə, rahatlaşmağa vaxtımız yoxdur. Öz oyunumuzu fikirləşirik. İtirəcəyimiz xal bizi panikaya sala bilər, o qorxu bizdə var. Bizdən əvvəl “Qarabağ” oynadı. Onlar xal itirsəydi belə, rahatlaşmayacaqdıq. Qarşımıza məqsəd qoymuşuq və hədəfə çatmaq istəyirik.

Komandamızda bir-iki nəfər nə vaxtsa çempionluq sevinci yaşayıb. İnanıram ki, bu ruhu yaxalayıb istəyimizə çatacağıq. Bundan əvvəlki illərin təcrübəsidir ki, bizim çempion olmağımıza inanmırlar. “Qarabağ”da futbolçuların oynaması çox rahatdır. Biz hələ ki, bunu edə bilmirik. Biz oyuna cərəyan vurmuş kimi çıxırıq və elə də qayıdırıq”.