“Yuventus”un prezidenti UEFA və Avropa Klublar Birliyindən ayrıldı

İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin (ECA) prezidenti vəzifəsindən və UEFA İcraiyyə Komitəsi üzvlüyündən istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Buna səbəb Anyellinin prezidenti olduğu “Yuventus” klubunun yeni yaradılan Avropa Super Liqasında iştirakını təsdiqləməsidir. 45 yaşlı funksiner Avropa Super Liqası turnirinin vitse-prezidenti təyin olunub.

Yeni yaradılan Avropa Super Liqasında iştirak edəcək 12 klub Avropa Klublar Birliyinin üzvlüyündən çıxıb.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.