“Problem ondadır ki, uşaq futboluna sərmayə yatırmırıq” – Araşdırma

İsgəndər Cavadovun akademiyasında top almağa pul tapılmır

“Neftçi”nin sabiq futbolçusu İsgəndər Cavadovun rəhbəri olduğu “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” 2017-ci ilin sentyabrından fəaliyyətə başlayıb.

Akademiya əvvəlcə keçmiş “Bakı” klubunun bazasında fəaliyyət göstərirdi. “Bakı” klubunun bazasının sökülməsindən sonra akademiya özünə yeni ünvan seçib və hazırda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” Abşeron Olimpiya İdman Kompleksində fəaliyyət göstərir. Akademiyanın komandaları “İsgəndər Cavadov BFA” adı altında AFFA-nın keçirdiyi U-10, U-12, U-13, U-14, U-15, U-16 və U-17 liqalarında iştirak edirlər. Hazırda burda 80-100 arası uşaq futbolla məşğul olur.

Akademiyanın komandaları ötən il koronavirusa görə erkən başa çatdırılan son çempionatlarda uğursuz çıxış edib. “İsgəndər Cavadov BFA” U-17 liqasında 14 komanda arasında 11-ci olub, U-16 və U-15 liqasında isə sonuncu sırada yer alıb.

Azərbaycanın ali futbol qurumu AFFA “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”na hər il 19 500 manat vəsait ayırır. Bəs bu vəsait hara xərclənir? Mətbuatda çıxan xəbərlərə görə, AFFA-nın ayırdığı bu vəsait akademiyaya xərclənmir, olimpiya kompleksinin icarə haqqından da xeyli borc qalıb. Bununla bağlı akademiyanın rəhbəri İsgəndər Cavadovun müavini, keçmiş “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq:

“Biz əvvəl “Bakı” klubunun bazasında yerləşmişdik. Lakin sonradan burdan da çıxmalı olduq və Abşeron olimpiya kompleksinə köçdük. Əvvəl “Bakı” klubunun bazasında heç bir icarə haqqı ödəmirdik, ancaq indi vəziyyət fərqlidir. AFFA sağ olsun, hər il bu məbləği ayırır. Gəlin hesablayaq. İllik 19500 manatı böləndə aya 1700 manata yaxın pul düşür. Bizim burda nə qədər uşaqlarımız var, onlar futbol ləvazimatları ilə təmin olunmalıdır. Kompleksə icarə pulu verilməli, toplar alınmalı, məşqlər üçün bəzi futbol ləvazimatları alınmalıdır. Uşaqların aylıq ödənişi 30 manatdır. Akademiyaya uzaq olanlardan bu məbləğin yarısı – 15 manat ödəniş alınır, bir ailənin iki övladı bizlədirsə, onun da biri üçün pul alınır. Şəhid ailələrinin övladları, aztəminatlı ailələrin uşaqları akademiyaya təmənnasız götürülür. Bunların da sayı 20-25 nəfərdir. Hesablasaq, akademiyanın aylıq gəliri heç 3000 etmir. Vallah, biz adicə yağış yağan zaman lazım olan balonkaları gedib 20 manata almağa çətinlik çəkirik. Əslində, AFFA bizə heç pul ayırmalı deyil, dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Məsələ AFFA-da deyil, mən günahı iş adamlarında görürəm. Bu millətin, xalqın içində olan adamlar, biznezmenlər bizim hesabımıza nələrsə ediblər də. Problem ondadır ki, uşaq futboluna sərmayə yatırmırıq. Bizim böyük layihələrimiz var, lakin indi uşaqlara top almağa pul tapmırıq. Akademiyaya uşaqların dəvəti zamanı da bir neçə tanışların, dostların saytları vasitəsilə elan veririk. Bunlar da təmənnasız edilir və reklam qarşılığında heç bir mətbu orqana ödəniş etmirik”.

Yaşar Seyidov

Futbol mütəxəssisləri Azərbaycan futbolunun inkişafı haqda danışarkən uşaq futbolundakı problemlərdən söz açırlar. Yaşar Seyidov da iş adamlarının futbola sərmayə yatırmamasından şikayətçidir. O, biznesmenlərin lazımsız şəxslərə yatırım etdiyini, futbolda gələcək vəd edən uşaqları diqqətdən kənarda saxladığını bildirir. Seyidov, vəziyyətin belə davam edəcəyi halda, Azərbaycan futbolunun inkişaf etməyəcəyini deyir:

“Azərbaycanda iş adamları futbola sərmayə qoymaq istəmir. Lazımsız sahələrə istənilən qədər yatırım edirlər, lakin bunlar lazımsızdır. İnandırım sizi, vallah, elə bir şirkət qalmayıb ki, gedib onlarla danışım. Mənim xarici ölkələrin klubları ilə də əlaqələrim güclüdür. Şirkətlərə gedib onları inandırmağa çalışıram ki, bir uşağa sərmayə yatırsaz, 4-5 ildən sonra qat-qat artıq pul götürəcəksiz. Buna baxmayaraq, yaxın duran yoxdur. Nə qədər ki, iş adamlarımız futbola diqqət verməyib, kənar və lazımsız şeylərə pul qoyduqca, futbolumuz da inkişaf etməyəcək. Onlar cəmiyyətdə heç bir nüfuzu olmayan insanlara yatırım edirlər, amma futbolu sevən, gələcək vəd edən uşaqları düşünmürlər. Mənim İspaniyada, Fransada tanışlarım var. Onlar mənə deyirlər ki, futbolçu göndərə bilirsizsə, bizə göndərin, klubların aşağı yaş qruplarında 4-5 il oynayıb yenidən Azərbaycana qayıtsınlar. Bunun üçün də vəsait lazımdır. Bir futbolçunun xaricdə qalıb, klubların aşağı yaş qruplarında mütəmadi oynaması, onun ordakı xərclərinin qarşılanması üçün illik 15 min avro lazımdır. Xərci hesablasaq, 5 illik proqram çərçivəsində 75 min avro lazımdır. Biz bu pulu vermək istəmirik. Halbuki, bu uşaqlar orda İspaniya, Fransa səviyyəsində bir futbolçuya çevrilib, sənə milyonlar qazandıra bilər. Təəssüf ki, heç kim buna vəsait qoymaq istəmir. Biz milli komandamızın uğur qazanmağını istəyiriksə, sərmayə yatırmalıyıq. Mən bu dəqiqə beş perspektivi olan uşağın İspaniya, Fransa səviyyəsində yetişməsi üçün istənilən danışığı apara bilərəm, ancaq yatırım edən yoxdur. Biznesmenlərə səslənirəm, milli komandamız Maltaya, Lixtenşteynə uduzanda sizin vicdanınız sızıldamır? Biz ənənəsi olan akademiya yaratmışıq, normal biznesmen bizə sponsorluq etsə, uşaqları xarici klublara apara bilərəm. Baxın, Premyer Liqada nə qədər oynamayan legioner var? Oynamasalar belə, bir ətək pul alırlar. Nə olar, bu pulu öz uşaqlarımıza xərcləyək? Legionerlərin 70 faizi azərbaycanlı futbolçulardan seçilmir”.

Seyidovla söhbətdən anlaşılır ki, “İ.Cavadov Bakı Futbol Akademiyası”na AFFA tərəfindən ayrılan vəsait kifayət etmir. Top almaqda çətinlik çəkdiklərini bildirən Seyidov, çıxış yolunu yalnız iş adamlarının futbola yatırım etməsində görür. Akademiyanın maliyyə durumu yaxşı olmasa da, məşqçilərin məvacibləri normaldır və müəyyən artımlar da olur. Bununla bağlı akademiyanın U-16 komandasının məşqçisi Elşən Ələsgərovun fikirlərini öyrəndik:

“Biz məşqçilərin işi meydana çıxıb məşqlərimizi keçmək və futbolçu yetişdirməkdir. Maddi məsələlərlə rəhbərlik məşğul olur. Amma vəsaitlər düzgün istiqamətdə xərclənməsəydi, bu gün biz bu akademiyanın fəaliyyəti və düzgün qurulmuş işlərindən danışa bilməzdik. O ki qaldı maaşlar məsələsinə, heç bir məşqçimizin maaşlarının azadılmasından söhbət belə gedə bilməz. Əksinə, maaşlarda müəyyən artımlar olur”.

Elşən Ələsgərov və U-16 komandası

“İ.Cavadov adına Bakı Futbol Akademiyası”nın artıq bir neçə üzvü Premyer Liqa klublarının aşağı yaş qruplarına keçib. Bunlardan Ömər Əsgərov “Qarabağ”a, Etibar Rüstəmzadə, Nihat Əmrahzadə “Keşlə”yə, Sənan “Zirə”yə, Fərhad Qüdrətli “Neftçi”yə, Qoşqar və Vüsal isə “Zirə”nin aşağı yaş qruplarına dəvət alıb. Bu futbolçular sözügedən klubların məşqçiləri tərəfindən bəyənilib və komandaya cəlb olunub. Bu keçidlər isə tamamilə ödənişsizdir. Akademiyanın rəsmisi Seyidov, akademiyanın hansı şərtlə olur olsun, fəaliyyətini davam etdirəcəyini bildirir:

“Mən etiraf edirəm ki, çətinliyimiz var və göz qabağındadır. Çox şey etmək istəyirik, lakin maddi durumumuz yaxşı deyil. Buna baxmayaraq, heç bir halda akademiya fəaliyyətini dayandırmayacaq. Lazım olsa, mən gedib evdən pul götürüb verəcəm ki, bu uşaqlar futbol oynasın. Biz bəzi adamlar kimi qarşımıza pul qazanmaq kimi məqsəd qoymamışıq. İstəyirik ki, heç olmasa, futbolunuza faydamız dəysin. Bizim ənənəmiz var. İndi Premyer Liqanın bombardiri olan Namiq Ələsgərov və Mahir Emreli də keçmiş “Bakı” klubunun yetirməsidir də. Biz belə futbolçuların daha çox olması üçün çalışırıq. Çətinliklər məni qorxutmur. Ümid edirəm ki, bir gün bizim də qapımızda toy-bayram olar”.

Artıq 4 ildir ki, fəaliyyət göstərən akademiyanın bu ildən Region Liqasında da mübarizə aparması gözlənilir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button