DÇ-2026: İran rəsmisi ABŞ-ni qaydaları pozmaqda ittiham etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai ABŞ-ni İran millisinin DÇ-2026 ilə bağlı viza məsələsində öhdəlikləri pozmaqda ittiham edib.

İran millisi qrup mərhələsindəki hər üç oyununu ABŞ-də keçirməlidir. Ancaq fevralın sonunda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra komandanın turnirdə iştirakı sual altına düşüb.

İran tərəfi matçların Meksikada keçirilməsini istəsə də, FİFA prezidenti Canni İnfantino oyunların əvvəlcədən müəyyənləşdirilmiş stadionlarda təşkilində israr edib.

Bundan əlavə, ayın əvvəlində İran Futbol Federasiyasının prezidenti Mehdi Tacın Vankuverdə keçirilən FİFA konqresində iştirak etmək üçün Kanadaya girişinə icazə verilməməsi də əlavə müzakirələrə yol açıb. Buna səbəb onun İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrinin göstərilməsi olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəqai məsələ ilə bağlı açıqlamasında belə deyib:

“İran millisinin və məşqçilər heyətinin dünya çempionatında iştirakı üçün vizaların verilməsi ev sahibi ölkələrin məsuliyyətidir. Qaydalara əsasən, FİFA bu məsələdə bizim tərəfimizdədir. Bir neçə gün əvvəl federasiya rəhbərliyi ilə məhsuldar görüş keçirilib və bizə bildirilib ki, FİFA qəbul edən ölkələrin qaydalara əməl etməsi üçün əlindən gələni edəcək.

ABŞ-nin qonaq qəbul etməklə bağlı öhdəliklərini dəfələrlə pozduğu heç kimdə şübhə doğurmur. İran millisinin bəzi üzvlərinə vizaların verilməyəcəyi ilə bağlı söhbətlər qəbuledilməzdir. Federasiya bu məsələni ciddi nəzarətdə saxlayır və komandamızın dünya çempionatında uğurlu çıxışı üçün bütün səylər göstəriləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button