“Pul qarşılığında milliyə gələn əcnəbi futbolçuları heç vaxt komandaya götürməzdim” – Yunis Hüseynov

Dünən Azərbaycanın futbol üzrə milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdi. Əvvəlki oyunda Uels millisinə səfərdə 1:2 hesabı ilə məğlub olan millimiz seçmə mərhələdə ilk xalını 5-ci qarşılaşmasında qazana bildi. Millinin oyunu, nəticəsi, baş məşqçi Nikola Yurçeviçin işi barədə mütəxəssislərin fikirlərini öyrənmək qərarına gəldik.

Nazim Süleymanov:

“Beş oyundan sonra 1 xal toplayan komandanın oyununu necə dəyərləndirmək olar ki? Dünən Xorvatiya millisi ilə oyunda 1 xal qazandıq, rəqib də dünya çempionatının ikincisidir, amma ümumilikdə hazırda turnir cədvəlinin son pilləsindəyik və burda da qalacağıq. Son ev oyunumuzu Uels yığması ilə keçirəcəyik. Eyni zamanda, Slovakiya və Macarıstanla səfər oyunlarımız qalıb. Slovakiya ilə Bakıdakı matçda qalib gəlməli idik. Təəssüf ki, bu şansı əlimizdən buraxıb, xalları rəqibə hədiyyə etdik. Futbolçularımız əzmkarlığını göstərsə, xal qazana bilərik. Amma əzmkarlıq olmadan, Slovakiya və Macarıstanla oyunlarda müsbət nəticəyə ümid etmək olmaz. İstənilən halda, turnir cədvəlinin son pilləsində olacağıq. Sevindirici hal isə ondan ibarətdir ki, gənc futbolçularımıza şans verilir, onlar milli komandanın heyətində çıxış edirlər. Amma millidə gələcəyə dair ürəkaçan hansısa hal yoxdur. Onsuz da AÇ-2020-yə vəsiqə qazanmayacağıq. Buna görə də, gələcəyi fikirləşmək lazımdır. Milli komanda təkcə Nikola Yurçeviçin deyil, hamımızındır. Hər kəs milli üçün çalışmalı, birləşməlidir. Digər tərəfdən, çalışmaq üçün də gərək çempionatımız yaxşı səviyyədə olsun, komandaların sayı artırılsın. Eyni zamanda, Bakı çempionatı deyil, Azərbaycan çempionatı olsun.

O ki qaldı Yurçeviçə, düşünmək lazımdır ki, bizə əcnəbi məşqçilər lazımdır? Özümüzdə də belə mütəxəssislər var. Söhbət təkcə məndən deyil, hazırda işsiz olan bütün yaxşı mütəxəssislərdən gedir. Təbii ki, öz məşqçimizə inansaq, daha yaxşı olar. Sadəcə, bizim futbol funksionerləri yerli məşqçilərə inanmalıdırlar”.

Yunis Hüseynov:

“Beş turdan sonra ilk xalımızı qazandıq. Bu, sevindirici haldır, amma təəssüfləndirici hal da odur ki, milli 5 oyundan sonra buna nail oldu. Qarşıda 3 oyunumuz var, yəni şansımız demək olar ki, yoxdur. Dünənki oyunda isə komandamız pis təsir bağışlamadı. Demək olar ki, bütün futbolçularımız meydanın hər tərəfində vuruşdular. Ona görə də, xal qazana bildik. Çox istəyərdik ki, hazırda xalımız daha çox olsun, təəssüf ki, ilk xalımızı qazanmışıq. Xorvatiya ilə matçda heyətdə bəzi dəyişikliklər olmuşdu. Daha çox yerli futbolçuların çıxış etməsi sevindiricidir. Yerli futbolçular milliləşdirilənlərdən daha istəkli olurlar. Bunu bir neçə dəfə desəm də, mətbuat yazmayıb. Pul qarşılığında milliyə gələn əcnəbi futbolçuları mən heç vaxt komandaya götürməzdim. Komandada milli ruh, sevgi olmalıdır. Məhz buna görə, meydanda yerli futbolçular digərlərindən daha çox can qoyur. Bu oyunda da onların istəkli olmaları görünürdü. Ümumilikdə, komandamız yaxşı oynadı, rəqib nisbətən zəif çıxış etdi. Futbolçularımıza əhsən. Bir müddət əvvəl eşitmişəm ki, milli komandaya gəlmək üçün futbolçulara pul ödənilir. Bu, acınacaqlı haldır. 21 yaşlılardan ibarət komandada da milliləşdirilən futbolçular oynayırlar. Ən azı gənc futbolçulara şans vermək, milli üçün hazırlamaq lazımdır. İndiyədək milli səviyyəsində heç bir nəticəmiz olmayıb, bundan sonra olmasa, nə olacaq ki?! Amma heç olmasa, millidə yerli futbolçular oynamalıdır ki, ən azından təcrübə qazansınlar, əsas komandaya yüksəlsinlər. Düşünürəm ki, futbolumuzun inkişafı üçün millidə legioner futbolçular olmamalıdır. Düzdür, bütün dünyada əcnəbi futbolçular millidə oynayır, amma bir və ya iki nəfər. Bizdəki kimi, pul qarşılığında millidə oynamaq düzgün hal deyil.

Robert Prosineçki Azərbaycan millisindən ayrıldıqdan sonra Bosniya və Herseqovina yığmasına rəhbərlik edirdi və bir neçə gün əvvəl istefa verdi. Düşünürdüm ki, millimiz bu turda da məğlub olsaydı, yəqin Prosineçkini qaytarardılar (gülür). Hamımız istəyirik ki, milli yaxşı çıxış etsin, uğurları olsun. Dünənki oyunda da futbolçular yaxşı oynadılar, onlara təşəkkür edirəm. Amma Xorvatiyadan xal almağımız hər şey demək deyil. Hazırda cəmi 1 xalımızın olmasını unutmamalıyıq. Dünənki oyunla digər bütün matçları, nəticələri yaddan çıxarmaq olmaz. Biz bu nəticəylə öyünməməliyik. Bəli, heç-heçə etdik, Xorvatiya da sağ olsun, öz meydanımızda həmişə onlarla bərabərlik əldə edirik. Amma bunu böyütmək doğru deyil. Vaxtilə İsveçrə millisini 1:0 hesabı ilə məğlub etmişdik, bunu hər zaman qabardırlar, önə çıxarırlar. Düzdür, bu, bizim ilk qələbəmiz idi. Amma düşünürəm ki, bir oyun idi, qalib gəldik, elə 3 xalla da seçmə mərhələni başa vurduq. Bir qələbə qazandıq deyə, bu qədər böyütmək olmaz. Həmin vaxtdan heç nə dəyişməyib axı, irəli getməmişik. Hər dəfə bu qələbə xatırlananda, deyirəm ki, bir oyun qalib gəldik, təsadüf idi də (gülür). İndi də millimizin daha yaxşı çıxış etməsini, irəliləməsini istəyərəm, amma gərək bir oyunla, bir xalla kifayətlənməyək”.

Aygül Qarayeva