“İlk qol ruh düşkünlüyünə səbəb oldu” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Sumqayıt təmsilçisinin çalışdırıcısı 1:4 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bu oyuna çox ciddi hazırlaşmışdıq. İstənilən situasiyaya hazır idik. İlk yarının son dəqiqəsində qol buraxmağımız ruh düşkünlüyünə səbəb oldu. Amma həmin vaxt meydanda 10 nəfərlə qalmışdıq. Əli Qurbani meydanın kənarında idi. Bundan sonra qapımıza qol vuruldu. Belə şeylər olur. Gənc komandamız var. Sonrakı dəqiqələrdə rəqibə qol vurmağa çalışsaq da, alınmadı.

Murad Xaçayevin zədəsi var idi. Oynayıb-oynamayacağı bilinmirdi. Amma biz risk etdik. Matçdan sonra axsayırdı. Xırda problemlərimiz var idi. Məşqi az edən futbolçular çətinlik çəkdilər. Çempionatın sonunadək bu tempi saxlamaq çətin olacaq. Lakin yaxşı şansımız var, istifadə etməyə çalışacağıq.

Bütün futbolçulara güvənirəm. Rotasiyalar olacaq. Qarşımıza məqsəd qoymamışıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Əsas olan mübarizə aparmaqdır. Bu məqamda zədə alsaq, problem olacaq. Bu heyətlə başlamışıq, bununla da çempionatı başa vuracayıq.

“Qarabağ” Azərbaycanda ən yaxşı komandadır. Bu komanda ilə oyunlarda təzyiq olur. Rəqibimiz “Azersun Arena”da da yaxşı təsir bağışlayır. Burada uduzub-uduzmaqdıqlarını bilmirəm. Ümumiyyətlə, statistikaya fikir verməmişəm. Bütövlükdə “Qarabağ”la “Neftçi”nin səviyyəsi daha üstündür. “Qarabağ”la ölkə kubokunun yarımfinalında da qarşılaşacağıq. Hər iki komanda vacib görüşlərə çıxacaq. Ona görə də indi kuboku düşünməyə vaxtımız yoxdur”.