“İlk oyunlar həmişə çətin olur” – Azərbaycan millisinin baş məşqçisi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində, C Liqasının 3-cü qrupunun oyununda Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, oyundan bir gün əvvəl milli komandanın baş məşqçisi Siyasət Əsgərovun mətbuat konfransı keçirilib. Əsgərov, Şimali Makedoniya yığması ilə ilk dəfə qarşılaşacaqlarını bildirib:

“İlk dəfədir bu rəqibə qarşı oynayırıq. İndiyə qədər onlarla qarşılaşmamışıq. Rəqibi yaxşı təhlil etmişik, üstün və zəif cəhətlərini bilirik. Oyunçulara bununla bağlı məlumat vermişik. İlk oyunlar həmişə çətin olur. İstəyirik ki, maksimum xallar qazanaq və ikinci oyuna daha motivasiyalı çıxaq. Qadın futbolunda yeni-yeni inkişaf edirik. Qadın futbol departamenti olaraq liqalarımızən da inkişafına köklənmişik. Liqalarımızın hazırkı durumuna əsasən, yaxşı, talantlı oyunçularımızı ölkə xaricinə çıxarmışıq. Ümid edirəm ki, oyun planında düşündüyümüz nə varsa, onun 90 faizini qızlara çatdırmışıq və hazırlıq prosesində də bunun qarşılığını görmüşük.

Bütün baş məşqçilər istəyər ki, qrupu birinci pillədə başa vursun. Bizim də məqsədimiz budur, sadəcə, reallıq var. Maksimuma köklənmişik. Şimali Makedoniya və Andorra yığmaları ilə oyunlarda maksimum nəticə göstərmək istəyirik. Macarıstan yığmasını da yaxşı tanıyırıq. Onların oyunçuları top liqalarda çıxış edirlər. Onlarla matçda maksimumuna nail olmaq istəyirik. İstəyimiz yarışı birinci pillədə başa vurmaqdır. Ən pis halda, pley-off oynamaq istəyirik.

Birmənalı şəkildə məsuliyyət bizim üzərimizdədir. Son illərdə qızların futbolda verdiyi nəticələrə görə aşağı yaşlarda kütləvilik çoxalıb. Aşağı yaş liqalarımızda oyunlar gedəndə tribunalarda valideyinləri görürük və onların sayı heç də az deyil. Deməli, biz düzgün yoldayıq. Valideyinlərdən bizə zənglər olur ki, uşağımın futbolçu olmasını istəyirəm. İnanın ki, buna çox sevinrik. İnanırıq ki, yaxın gələcəkdə daha yaxşı nəticələr olacaq.

Bəzi oyunçularımız var ki, zədədən yeni qayıdıblar. Amma ümumi olaraq, durumumuz yaxşıdır. Sabahkı matçda heç bir bəhanə etmədən, maksimum nəticə qazanmalıyıq və ümid edirəm ki, belə də olacaq”.

Azərbaycan – Şimali Makedoniya matçı sabah saat 15:00-da, Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button