“Bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq” – Azərbaycan millisinin kapitanı

Dünən futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsinin püşkü atılıb. Gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında Azərbaycan millisi Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək.

Komanda.az xəbər verir ki, yığmanın kapitanı Rizvan Fərzəliyev püşklə bağlı fikirlərini Azərbaycan Futzal Federasiyasının rəsmi saytına bildirib:

“Hamısı tanış rəqiblərdir. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də, Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm. Ümumi götürsək, qrupumuzu bir qədər əlverişli də adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı iki yerdən birini tutmalıdır.

Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzdün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidir”.

Rəqiblərimizi yaxından tanıdığımız qədər onlar da komandamız haqda məlumatlıdırlar. Bu amil əlehimizə işləməyəcək? Fərzəliyev bu suala belə cavab verir:

“Düzdür, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan razıyam, vəziyyət bərabərdir”.