İddiaçılar Turnirinin qalibi bəlli oldu – Teymurdan növbəti heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 13-cü turda ağ fiqurlarla ABŞ şahmatçısı Fabiano Karuana ilə üz-üzə gəlib.

Rəcəbov ilk dövrədə məğlub olduğu rəqibi ilə bu dəfə heç-heçəyə razılaşıb. “Sülh” matçın 31-ci gedişində qeydə alınıb.

Bu, təmsilçimizin yarışda 9-cu heç-heçəsi olub. İki görüşdə qələbə qazanan Teymur eyni sayda məğlubiyyətə üzülüb.

Yeri gəlmişkən, bu gün İddiaçılar Turnirinin qalibi də müəyyənləşib. FİDE bayrağı altında mübarizə aparan rusiyalı qrossmeyster Yan Nepomnyaşi 13-cü turda macar Rixard Rapportla heç-heçə edərək xalını 9-a çatdırıb. Bununla da Napomnyaşi sabah baş tutacaq son turun nəticələrindən asılı olmayaraq, rəqibləri üçün əlçatmaz olub.

Bu, 32 yaşlı şahmatçının analoji turnirdə ardıcıl ikinci qələbəsi olub. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenlə üz-üzə gələn Nepomnyaşi 11 partiyadan sonra rəqibinə 3,5:7,5 hesabı ilə uduzmuşdu.

Teymur Rəcəbov isə 13 turdan 6,5 xal toplayıb. O, son görüşünü qara fiqurlarla Rixard Rapporta qarşı keçirəcək.