
İctimai Televiziyadan DÇ-2026 açıqlaması
İctimai Televiziya DÇ-2026-nın yayımı ilə bağlı məlumat yayıb.
Komanda.az xəbər verir ki, kanalında yaydığı açıqlamada bildirilir:
“Bu gün start götürəcək futbol üzrə FİFA Dünya Çempionatı Azərbaycan tamaşaçılarına İctimai Televiziya tərəfindən FİFA-nın yayım qaydalarına və beynəlxalq televiziya standartlarına uyğun olaraq yüksək keyfiyyətlə təqdim olunacaq.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirin 104 oyunundan 92-si İctimai Televiziyanın efirində canlı yayımlanacaq. Azərbaycan tamaşaçılarının turnirin bütün oyunlarını canlı izləməsini təmin etmək üçün qrup mərhələsinin 3-cü turunda eyni vaxtda keçiriləcək 12 oyunun “CBC Sport”da yayımlanmasına İctimai Televiziya tərəfindən imkan yaradılıb. Bununla da, bütün qarşılaşmalar tamaşaçılara canlı şəkildə təqdim olunacaq.
Lisenziya qaydalarına əsasən, turnir ərzində yalnız 15 oyun İctimai TV-nin “YouTube” kanalı üzərindən canlı yayımlanacaq. Bu çərçivədə ən çox maraq doğuran qarşılaşmalar – Türkiyə millisinin 3 qrup oyunu və 1/8 final mərhələsindən etibarən 12 oyun İctimai TV-nin rəsmi “YouTube” kanalında canlı təqdim olunacaq. İTV-də yayımlanan bütün oyunlar eyni zamanda itv.az platformasında da canlı izlənilə biləcək.
Azarkeşlər hər gün saat 12:30-da “FİFA Günün İcmalı”nı, gecə saatlarında keçirilən oyunların təkrarını isə 14:00–18:00 aralığında İctimai Televiziyada izləyə biləcəklər. Matçların ən maraqlı epizodları, qollar və icmallar İTV-nin “YouTube” kanalında da təqdim olunacaq.
Bundan əlavə, gün ərzində “Bol futbol” proqramı çərçivəsində turnirin əsas məqamları və aktual hadisələri peşəkar ekspertlərin iştirakı ilə müzakirə olunacaq. Proqramda müasir yayım texnologiyaları və yeni təqdimat formatları tətbiq ediləcək. Qarşılaşmaların şərhinə İctimai TV-nin və “CBC Sport”un şərhçiləri cəlb olunacaq”.
Bizi Facebook-da izləyin


