
Azarkeşlər azərbaycanlı gəlinin qaynını fitə basıblar
“Real”ın müdafiəçisi Din Heysen ciddi yorğunluq və azarkeşlərin təzyiqi səbəbindən çətin dövr keçirir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu kifayət qədər istirahət edə bilməyən “kral klubu”nun oyunçuları arasında ən çox əziyyət çəkənlərdən biridir.
“Sevilya”ya qarşı “Santyaqo Bernabeu”da keçirilən və 2:0 hesablı qalibiyyətlə başa çatan oyunda Heysen tribunadan fitə basılıb. Matç zamanı o, bir neçə epizodda diqqətini itirib və bu da az qala rəqibin qol vurması ilə nəticələnəcəkdi.
“Bornmut”dan 50 milyon avro qarşılığında transfer olunduqdan sonra Heysen ondan gözlənilən sabit oyunu hələ ki, tam göstərə bilmir. Üstəlik, üç dəfə əzələ zədəsi alması onun vəziyyətini daha da çətinləşdirib.
İspaniyalı futbolçuya yaxın mənbələr bildirir ki, azarkeşlər onun nə dərəcədə yorğun olduğunu tam dərk etməyə bilərlər. Belə ki, o, 2025-ci il ərzində klub və İspaniya millisi üçün ümumilikdə 50 oyun keçirib. Onun ətrafı hesab edir ki, fiziki vəziyyətini bərpa etmək və psixoloji cəhətdən “yenidən yüklənmək” üçün ona vaxt verilməlidir.
Din Heysen 2025-ci ilin mayında “Bornmut”dan “Real”a keçib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununa qədərdir.
Din Heysenin qardaşı Daimen Heysen azərbaycanlı xanım Lalə Məmmədova ilə ailə həyatı qurub.
Bizi Facebook-da izləyin



