“Heyəti gücləndirməliyik, çatışmazlıqlar var” – Aftandil Hacıyev

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Uzun müddətdən sonra çempionatın bərpası hamını sevindirir. Futbolçular meydanda göstərdilər ki, matç üçün darıxıblar. Qarşılaşmanın favoriti rəqib idi. İlk hissədə yaxşı oynaya bilmədik, ikinci yarıda isə qol epizodları yarada bildik, amma bu yetmədi. “Neftçi” qələbəyə layiq idi. İkinci tura kifayət qədər vaxtımız var. Heyəti gücləndirməliyik, bəzi çatışmazlıqlar var. Bəzi oyunçular komandamızdan ayrılıb, bu gözlənilməz oldu. Çalışacağıq ki, bundan sonra kollektivdə rəqabəti artıraq. “Neftçi”ni təbrik edirəm”.

39 yaşlı mütəxəssis bildirib ki, Rauf Əliyevin zədəsi olub və bu səbəbdən ikinci yarıda meydana daxil olub: “Onu meydana buraxanda risk etdik, təhlükəli idi. Hələ də dizində zədəsi var. Buraxdığımız qolda tək Ruslan Hacıyevin yox, digər oyunçuların da səhvi oldu. “Neftçi”nin hücum xəttində təhlükəli futbolçuları var”.

Baş məşqçinin sözlərinə görə, “Neftçi” sona kimi eyni tempdə oynayıb: “Geniş heyətimiz yoxdur, çalışdıq ki, meydana cavan və təcrübəli futbolçulardan ibarət heyət buraxaq. Futbolçulardan razıyam, amma qələbə olsaydı, daha yaxşı olardı. Hədəf hər zaman olmalıdır, hər məşqçinin və idmançının hədəfi olmalıdır. Meydana çıxırsansa, xal qazanmaq istəyirsən. Reallıq da hər zaman özünü biruzə verir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button