“Heç kimin məni ittiham etməyə cürəti çatmaz” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Kubok oyunu başqa ab-havadır. Həm çempionatda, həm kubokda mübarizə aparmalıyıq. Bu gün heyətdə çoxlu dəyişikliklər etmişdim. Mən bütün futbolçularıma inanıram. Onlara təşəkkür edirəm, bu gün yaxşı mübarizə apardılar. Sıx qrafik var, çalışacağıq sona qədər mübarizə aparaq.
  • Qurban Qurbanov bu gün çox qəzəbli idi. Zubirə qarşı olunan sərt oyundan narazı idi. O, Zubirə bilərəkdən sərt müdaxilə edildiyini düşünür…
  • Digər komandanın əvəzetməsinə fikir bildirmək istəmirəm. Hər komandanın öz daxili işi var. Bu, futboldur. Qurban müəllim mənə görə Azərbaycanın ən yaxşı baş məşqçisidir. Ondan çox şey öyrənmişik. “Qarabağ”ın gərgin olduğunu bilirdik. Zədəliləri var. Lakin biz heç vaxt bilərəkdən kimisə zədələməyi düşünməmişik. Ötən oyunda Əli Qurbaniyə sərt müdaxilə olmuşdu. “Qarabağ”la oynayırsan, “Qarabağ” küsür, “Neftçi” ilə oynayırıq, onlar küsür. “Neftçi”ni uduruq, onlara qarşı qəsdlə aqressiv olduğumuzu deyirlər. Bəs biz nə edək? Bəlkə, onlar öz aralarında oynasın? Zubirə bilə-bilə müdaxilədən söz gedə bilməz. Biz heç baxt bu fikirdə olmamışıq.
  • Cavab matçında da müdafiə futbolu oynayacaqsız?
  • 8 futbolçunu dəyişmişdik. Bu, rəqibə qarşı hazırlanmış bir taktika idi. Əsas məqsədimiz qol buraxmamaq idi. İndi cavab oyununu fikirləşmirəm. Qarşıda “Zirə” ilə oyun var. Sıx qrafikdəyik. “Qarabağ”a çempionatda məğlub olsaq da, yaxşı oynamışdıq. Lakin hakim səhvlərinə görə fərq çox oldu.
  • “Qarabağ”la çempionatda səfər matçlarında böyükhesablı məğlubiyyət alırsız. Bu, nə ilə bağlıdır?
  • “Qarabağ”a qarşı hər oyunda çətinlik çəkirik. Belə sindromlar ola bilər.
  • Qurban Qurhanovun dediklərindən belə çıxır ki, komandalar onlara qarşı bilərəkdən sərt oynayır. Bunu öz ünvanınıza ittiham kimi qəbul edirsiz?
  • Qurban müəllim qəzəbli olub, başa düşmək olar. Heç kim mənə bu haqda heç nə deyə bilməz. Heç kimin məni ittiham etməyə cürəti çatmaz. Kim bizə nəyi sifariş edə bilər? Bizim də zədəlilərimiz olub. Bir müddət komandada koronavirusa yoluxma çoxaldı. Onda heç kim bizə dəstək olmadı, heç kim çıxıb demədi ki, “Sumqayıt”a kömək olaq. İndi Qurban müəllimin qərəzli şəkildə nəsə dediyini düşünmürəm, ona böyük hörmətim var. Sadəcə, qəzəbli olub.

Şahin Cəfərov