“Hamı istəyir “Neftçi” qayıtsın” – MÜSAHİBƏ

“Neftçi” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə qarşılaşdı (3:1).

Yevlax şəhər stadionunda keçirilən matçdan sonra “ağ-qaralar”ın müdafiəçisi Murad Xaçayev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Yevlax səfəri – meydançanın örtüyü necə idi?

– Heç də yaxşı örtük deyil. Amma “Kəpəz” üçün də, bizim üçün də eyni situasiya idi.

– Onlar daha çox öyrəşiblər, siz isə ara-sıra gəlirsiz...

– Ola bilər. Amma yaxşı ki, bu oyunda qələbə qazandıq. Bu, bizim üçün çox vacib qalibiyyət idi. Ardıcıl iki oyun udmuşduq. Öz ruhumuzu davam etdirməli idik. Bunu istəyirdik, yaxşı ki, belə qurtardı.

– Böyük müzakirələrdən sonra “Qarabağ”la matçınız təxirə salındı. İki həftəlik fasilə səncə, sizə necə təsir edəcək?

– Hamımız istəyirdik ki, oynayaq. Amma bizim işimiz nədir? Qərar belə olandan sonra məşqçilər öz planlarını quracaq. Biz də ona uyğun davam edəcəyik və “Şamaxı” ilə oyuna hazırlaşacağıq.

– Tonusdan düşməyəcəksiz?

– Yox, məşqlərimiz olacaq, çalışacağıq ki, özümüzü formada saxlayaq.

– Uzun müddət Samir Abasovla işləyən biri kimi, yeni baş məşqçinizi (Yuri Vernidub) onunla necə müqayisə edərdin?

– Bəli, düz deyirsiz, Samir Abasova öyrəşmişdim. “Sumqayıt”da da, burda da birgə işləyirdik. Amma bizim işimiz belədir də, yeni məşqçi gəlib. Öz məqsədi, öz planları var. Hansı tapşırıqları verirsə, biz də onu etməliyik. İndi tələblər nədir, çalışırıq meydanda onları edək.

– Əsas tələblər nələrdir?

– Onu meydançada yəqin ki, görürsüz. Biz də çalışırıq edək. Samir Abasov nə deyirdisə, onu edirdik, yeni baş məşqçi də nə deyirsə, onu edirik.

– Heyət həmin heyətdir, amma “Neftçi” indi daha “diri” görünür…

– Belə deyim, neçə oyun oynayırdıq, qol vura bilmirdik. Fürsətlər yaradırdıq, amma fərqlənə bilmirdik. Çox çətin olurdu. Oyunla bağlı məncə, problem yox idi. Bir problem var idi, uda bilmirdik, amma hazırlıq eyni vəziyyətdə idi, eyni nizam-intizam, eyni situasiya.

– 8 oyunda heç-heçə etmişdiz və çoxlu xallar itirmişdiz. Bunun hamısını şanssızlıqla bağlamaq olar?

– Futbol bəxti də bizdə olmadı. “Sabah”la matçda təmiz penaltimiz verilmədi. Çox fürsətlərimiz oldu, amma qol vura bilmədik. İndi isə bunları geridə qoymuşuq. Yuxarı pillədəki komandalar bizdən çox aralanmışdılar. Artıq limitimiz yoxdur, hər oyunu udmalıyıq. Azarkeşlərə “çox sağ olun” deyirəm, ev-səfər fərqi qoymadan, gəlirlər, bizi dəstəkləyirlər.

– Artıq avrokubok zonasına yaxınlaşırsız. Səncə, doğrudan da “Neftçi” qayıdır?

– Hamı istəyir “Neftçi” qayıtsın. Biz də çalışırıq ki, hər oyunda udaq və yuxarıda olaq.

– Kubokda mübarizəni dayandırmısız və avrokuboklara ancaq çempionat yolu ilə gedə bilərsiz. Necə düşünürsən, bu, realdır?

– Realdır. Belə deyək, hər oyuna belə motivasiya ilə çıxsaq, məncə, yaxşı olmalıdır.

– Məqsəd üçüncü pillədir?

– İndiki durumda bir və ikinci pilləni arzulamaq çətindir. Amma hər şey ola bilər. Biz də baxırıq. Son oyundan sonra turnir cədvəlinə baxdıq, xalımız artıq 30-dur. Yaxınlaşırıq. İndi bu tonusu saxlamalıyıq, iki-üç oyun da udsaq, yaxşı olacaq.

– Öz oyunundan razısan? “Sumqayıt”da əvəzolunmaz oyunçu idin…

– Düzdür, “Sumqayıt”da bu baxımdan rekordçu idim. Amma “Neftçi”yə keçəndə bilirdim hara gəlirəm, niyə gəlirəm. Belə deyim, baş məşqçinin qərarıdır. Mənim işim məşqə çıxmaq, özümü göstərməkdir. İndi şans düşdü, oynadım, komanda iki oyunu uddu. Mənim məqsədim meydana çıxmaq, komandaya kömək etmək və maksimum çalışmaqdır.

Necə düşünürsən, özünü Yuri Verniduba göstərə, “mən də varam” deyə bildin?

– Mənim motivasiyam var və çalışıram özümü yaxşı tərəfdən göstərim, həm məşqdə, həm oyunda. Qərar onlarındır.

– Vensan Abubakarla bir komandada olmaq necə hissdir?

– Əlbəttə ki, bu hamı üçün yaxşıdır. Təcrübəli futbolçudur, nümunədir. Elə oyunçulara baxanda görürsən ki, daha peşəkar kimi görünür, istər meydanda olsun, istərsə də kənarda. Baxırsan ki, neçə yaşı var, amma məşqini edir, fitnesdə olur. Hamı ona baxanda motivasiya alır.

– Bassala Sambu sanki onu kölgədə qoyur….

– Sambu da yaxşıdır. Abubakar Sambuya daha yaxşı motivasiya verir. Vensanla hansı oyunçunun rəqabəti varsa, oynamaq üçün özünü daha yaxşı göstərməlidir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button