Həşimovun xatirə turnirinin qalibi məlum oldu

Bakıda keçirilən “Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə blits növündə 9 tur keçirilib.

Rapid və blits yarışlarının yekununa əsasən, 25.5 xal toplayan özbəkistanlı Nodirbek Abdusattorov qalib olub. Rauf Məmmədov və Şəhriyar Məmmədyarov hərəyə 20.5 xalla 2-3-cü yerləri tutublar.

Abdulla Qədimbəyli (12 xal) 9-cu, Aydın Süleymanlı isə (11 xal) sonuncu – 10-cu olublar.

Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca səkkizinci superturnirin təntənəli bağlanış mərasimi olub. Turnirin direktoru Anar Allahverdiyev yarışın gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını bildirib. Təmiz və ədalətli oyun nümayiş etdirdikləri üçün iştirakçılara minnətdarlığını bildirən Allahverdiyev Vüqar Həşimovun ədalətlilik prinsipinə sadiq olduğunu və rəqibə hörmətlə yanaşdığını vurğulayıb: “Vüqar Həşimov Memorialı-2022” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm”.

Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran direktor deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir”.

Sonra memorialdan bəhs edən videoçarx nümayiş olunub. Ardınca turnirin baş hakimi Lütfiyar Rüstəmov yarışın nəticələrini açıqlayıb. Sonda Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov kuboku Özbəkistan şahmatçısı Nodirbek Abdusattorova təqdim edib. Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov turnirin ənənə halı almasında dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıb. Daha sonra turnir bağlı elan edilib.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) bir dəfə turnirin qalibi olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button