“Çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək” – Qurban Qurbanov

Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, “Qarabağ” bu mərhələdə evdə Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında püşkü dəyərləndirib:

“Püşkü səbirsizliklə gözləyirdik. Mart ayından bu tərəfə rəsmi oyunlarımız yox idi, ona görə bu günü gözləyirdik. Belə bir turnirdə bir oyunluq mərhələyə nəsə fikir bildirmək çətindir. Rəqib haqqında ən qısa zamanda məlumat toplayacağıq. Rəqiblə durumumuz eynidir, onlar da mart ayında çempionatlarını tamamlayıblar. Sadəcə “Sileks” bu gün ölkə çempionatlarında ilk oyunlarına çıxır. Rəqib haqqında geniş məlumat toplamaq da çətindir, çünki son rəsmi oyunlarını martda keçirib. Komanda və oyunçuları haqda istədiyimiz informasiyanı əldə etmək asan olmayacaq. 

Bu oyuna çox düzgün hazırlaşmalıyıq. Oyunumuz evdədir, ilk olaraq öz komandamı bu qarşılaşmaya tam hazırlamalıyıq. Əlbəttə ki, futbolçular öz yaxşı performanslarından, istədiyimiz formadan və oyundan uzaq olacaq. Bu matçda həddən artıq diqqətli olmalıyıq və güclü kollektiv kimi düşündüklərimizi meydanda yerinə yetirə bilsək, yaxşı nəticə əldə edə bilərik. Hər bir halda, bu mərhələnin bir oyunda keçirilməsi heç bir komanda üçün xoş deyil. Bütün bunlara baxmayaraq, çalışacağıq ki, qalibiyyət üçün düzgün oyun quraq və əlimizdən gələni meydanda edək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button