Gənc yaşda “təqaüd”ə çıxanlar – Yazı+Fotolar

Azərbaycan Premyer Liqasında klub sayının azlığından çoz yazılıb, çox danışılıb. Komanda sayının azlığının və yüksək liqa klublarının əksəriyyətinin Bakını təmsil etməsinin Azərbaycanda futbolun kütləviliyinə mənfi təsiri barədə danışmağa ehtiyac yoxdur. İndi söz açacağım məsələ klublarla yox, futbolçularla bağlıdır. Yüksək liqada məhdud klub sayı və divizionda tətbiq olunan yaş limiti (birinci divizion klubları əsas heyətində yalnız 4 (!) 2000-ci ildən yaşlı futbolçuya şans verə bilər) bir çox futbolçunun vaxtından çox erkən butslarını mismardan asmasına səbəb olub. Hazırda klub çatışmazlığından karyerasını bitirmiş və ya bunu açıqlamadan sonu bilinməyən gözləmə mövqeyi tutmuş bir çox futbolçumuz var. Bu futbolçulardan əksəriyyəti yaxın keçmişdə Premyer Liqa, həmçinin əsas və gənclər millilərimizin əsas heyət üzvlərindən olublar. İndi isə onlara ehtiyac yoxdur. Bu futbolçuların sayı o qədərdir ki, hazırda sırf onlardan ibarət bir komanda da formalaşdırmaq mümkündür. Həmin futbolçulardan bəzilərini diqqətinizə çatdırırıq:

Vaqif Cavadov

Şübhəsiz ki, məşhurluğuna görə bu siyahıya başçılıq edən futbolçulardan biri Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadovdur. Moskva ÇSKA-sının yetirməsi olan Vaqif, karyerası ərzində “Qarabağ”, “Bakı”, “Keşlə”, “Xəzər Lənkəran”,  “Qəbələ”, “Sumqayıt”, AZAL kimi yerli klublarla yanaşı, “Tvente” (Niderland), “Volqa” (Rusiya), “Qaziantep BB” (Türkiyə), “Boluspor” (Türkiyə) klublarında legioner karyerası da yaşayıb. Bu il 32 yaşını qeyd edəcək Cavadovun son komandası “Keşlə” olub. 2019-cu ildə Bakı təmsilçisindən ayrılan Vaqif, həmin vaxtdan klubsuzdur. Hücumçu vaxtilə millimizin də əsas heyət üzvlərindən biri olub. 58 dəfə yığma komandanın formasını geyinən Cavadov, bu oyunlarda 9 qola imza atıb. O, millimizin ən çox qol vuran futbolçuları arasında Qurban Qurbanovdan sonra (14 qol) ikinci sıradadır. Zəngin karyeraya malik Cavadov daha çox millimizin heyətində iki fərqli görüşdə Rusiyaya qol vurması (hər iki görüş 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi) və “Qarabağ”ın heyətində avrokuboklardakı çıxışı ilə yadda qalıb.   

Vaqif Cavadov

Vüqar Nadirov

Vüqar da Vaqif kimi bu siyahının ən məşhurlarındandır. Ağdam “Qarabağ”ının yetirməsi olan Nadirov, karyerası ərzində bu klubun əsas komandası ilə yanaşı, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (indiki “Keşlə”), “Səbail” kimi komandalarda top qovub. “Səbail” veteran futbolçunun çıxış etdiyi son peşəkar klub olub. 2019-cu ildə həvəskar “Baku City” komandasına keçən 33 yaşlı hücumçu, sonradan yaşıl meydanlarda görünməyib. Vüqar vaxtilə Azərbaycan millisinin də əsas heyət üzvlərindən olub. O, yığmada keçirdiyi 61 oyunda 4 qol imza atıb. Vaqif kimi Nadirov da daha çox “Qarabağ”ın heyətində avrokuboklarda çıxışı ilə yadda qalıb.

Vüqar Nadirov

Rəşad Eyubov

Rəşad da hazırda klubsuz olan futbolçular arasındadır. Futbolda ilk addımlarını doğulduğu Ukraynada atan Eyubovun peşəkar karyerası ancaq ölkəmizlə bağlıdı. O, Azərbaycanda “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” komandalarında çıxış edib. Cari mövsümə “Zirə”də başlayan 28 yaşlı futbolçu, qış fasiləsində “qartallar”dan ayrılıb. Eyubov Azərbaycan millisinə də dəvət alıb. Yaxın keçmişə qədər millimizə dəvət alan Rəşad, əsas yığmanın formasını 7 matçda geyinib.

Rəşad Eyubov

İlqar Qurbanov

İlqar da vaxtilə Azərbaycan yığmasının əsas üzvlərindən olub. Vaxtilə əsas millimizdə 30 oyun keçirib 1 qola da imza atan Qurbanov, ötən ilə kimi futbolçu fəaliyyətini davam etdirib. O, bir neçə gün əvvəl Azərbaycan milli komandasında skaut kimi işə başlayıb. “Fənərbaxça” futbol akademiyasının yetirməsi olan Qurbanov, peşəkar karyerası ərzində “Xəzər Lənkəran”, AZAL, “Qarabağ”, “Qəbələ” və “Sumqayıt” kimi yerli klublarla yanaşı, Türkiyənin “Sivasspor”, “Mersin İdman Yurdu” və “Boluspor” komandalarında da top qovub. Hazırda 34 yaşı olan cinah oyunçusu “Sivasspor”un heyətində Türkiyə Super Liqasında da çıxış edib, “qırmızı-ağlar”ın İstanbul nəhəngi “Beşiktaş”ı səfərdə məğlub etdiyi görüşdə qol da vurmuşdu. İlqarın son komandası “Sumqayıt” olub. Təcrübəli futbolçu 2020-ci ildə “kimyaçılar”dan ayrılıb.

İlqar Qurbanov

Yuxarıda adlarını sadaladıqlarım yaxın keçmişdə ölkə futbolunun öndə gələn simalarından olan, hazırda isə yaşıl meydanlardan kənarda qalan futbolçuların ən tanınmışları idi. Bu futbolçulardan başqa, hazırda Amit Quluzadə, Elgün Nəbiyev, Budaq Nəsirov, Nurlan Novruzov, Tərzin Cahangirov, Vadim Abdullayev, Elnur Abdullayev, İlqar Ələkbərov, Murad Ağayev kimi yaxın keçmişdə Azərbaycan Premyer Liqa təmsilçilərinin əsas heyət üzvlərindən olan futbolçular da klubsuzdur.

Amit Quluzadə

Düzdür, bəlkə də, adları çəkilən futbolçuların hazırda klubsuz qalmalarında sadəcə ölkədə peşəkar klub çatışmazlığı yox, öz günahları da var. Lakin istənilən halda, ölkə futbolunda olan hazırkı peşəkar klub qıtlığı bir çox futbolçunun butslarını vaxtından çox öncə mismardan asmasına səbəb olur.

Əmir             

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button