Gəncədə bir stadion var, ölür, can verir!

Rəşad Ergün

Dostumuz, həmkarımız Mərdan Həsənovun “gəl, sabah “Kəpəz” – “Neftçi” oyununa gedək” deməsindən sonra tərəddüdüm var idi. Amma bu inadkar dostumuz növbəti dəfə israr edincə, bazar günü ilə bağlı planlarımı dəyişib, Gəncə səfərinə hazırlaşmaq qərarına gəldim. Həm də, illər əvvəl “Kəpəz” – “Xəzər Lənkəran” oyununu izlədiyim Gəncə şəhər stadionunu növbəti dəfə görmək istəyi də güc gəldi.

Bu stadion can verir!

Ölkənin ikinci ən böyük şəhərinin stadionunun ətrafında dövrə vurub, arenanın içərisinə gedərkən diqqətimi bir şey çəkdi: miskinlik, yoxsulluq, səliqəsizlik. Bilmirəm, bəlkə, buludlu payız havasının təsirindən idi, mənə elə gəldi ki, stadionun çevrəsinə qaranlıq, ümidsizlik çöküb.

Oyunun başlamasına hələ xeyli vaxt var idi. Peşəkar Futbol Liqasının əməkdaşlarının – vitse-prezident Aslan Şahgəldiyevin, texniki-idman direktoru Elgiz Abbasovun, mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevin, “Kəpəz” rəsmilərinin ölkənin tarixi köklərə malik iki komandasının oyununun sakit, problemsiz keçməsi üçün çalışmalarını izləyib, mətbuat üçün ayrılan tribunaya keçdik. Tribuna demişkən, bir-iki oturacaq arxada “Kəpəz” azarkeşləri əyləşmişdi və oyun ərzində atmacalarından, səs-küy salmaqdan qətiyyən əl çəkmədilər. Haqsız da deyildilər. Komandasını dəstəkləmək hər bir azarkeşin haqqıdır. Haqsızlıq isə idman mediasına ediləndir. O tribunada oturub, oyun izləyərkən həm də işləmək üçün ya kar olmalısan, ya da özünü karlığa vurmalısan. Hələ ki, idman mətbuatının zəhmətkeşləri özlərini karlığa vurmaq yolunu tutublar…

Hə, oyunun başlamasına hələ bir qədər vaxt var idi və qarşımda açılan miskin, ürək ağrıdan mənzərəyə – stadionun hər tribunasına, oturacaqlarına baxmaq imkanı yaranmışdı. 1959-cu ildə istifadəyə verilən arenaya baxanda adamda elə təəssürat yaranırdı ki, 63 il ərzində burda heç bir yenilənmə işi aparılmayıb, çöpü qaldırıb, çöp üstünə qoymayıblar. Tribunaların bir qismi qəzalı vəziyyətdədir, təmir işləri aparılmasa, çökmə ehtimalı hər il daha da artır. Stadionun böyük hissəsində oturacaqlar yoxdur, sadəcə yerləri var. Gəncə şəhər stadionu ölür, can verir! Anlayıram, “Kəpəz” klubunun rəhbərliyi, futbola könül verən gəncəlilər doğma komandalarının doğma stadionda oynamasını arzulayırlar. Amma bu, işgəncədir. Həm özlərinə, həm də stadiona edilən işgəncə.

AFFA prezidenti Rövnəq Abdullayev vaxtı ilə federasiyanın keçmiş vitse-prezidenti Elxan Məmmədovla əl-ələ verib, Bakıda “Səbail” adlı klub yaradıb, sonra onu Abdullayevin oğlunun sərəncamına verməkdənsə, həmin pullarla Gəncə stadionunu təmir etdirə bilərdilər. Bildiyimə görə, hazırda “Səbail”in illik büdcəsi 7 milyon manata yaxındır. Hər il 7 milyon manat lazımsız əcnəbi futbolçuların ciblərinə gedir, komandanın özünün də Azərbaycan futboluna hansı xeyri verdiyi, nəyə xidmət etdiyi bilinmir. Həmin pullarla ölkənin ikinci ən böyük şəhərinin stadionunu tam təmir etmək olardı.

“Azərbaycan idman ölkəsidir, bizdə idmana qayğı var” kimi gəlişigözəl sözlərin nağıldan başqa bir şey olmadığını anlamaq üçün bircə dəfə yolunuzu Gəncəyə, bu şəhərin “ölürəm” deyibən imdad edən stadionuna salın…

Sıradan çıxan tablo, “Kəpəz”in faydasız müqaviməti

Oyuna gəlincə, hər şey gözlənildiyi kimi oldu. “Kəpəz” əzəli rəqibinə müqavimət göstərməyə çalışdı, amma sonda səviyyə fərqi və təcrübə sözünü dedi (0:2).

Bu arada, matçın başlarında oyundakı əvəzetmələri, vaxt artırılmasını göstərmək üçün nəzərdə tutulan tablo da sıradan çıxdı. Amma bunun üzərində çox dayanmaq mənasızdır. O cür vəhşətli, dəhşətli stadionda elektron tablo görmək özü belə, sivilizasiyadan uzaq bir Afrika qəbiləsinin nümayəndəsinin əlində ən son model “iPhone” telefonu görmək kimi bir şey idi. Ki, dediyim kimi, o da oyunun başlanğıcında “canını tapşırdı”.

Bir neçə kəlmə də “Kəpəz”in özü ilə bağlı…

Bu mövsüm bir neçə dəfə “Kəpəz”lə “Şamaxı” komandalarının oyunlarını izləmək fürsətim olub. İzlədikcə də, məndə elə fikir yaranıb ki, bu iki komandanın qolundan tutub, zorla birinci diviziondan Premyer Liqaya atıblar – heç bir ciddi dəyişiklik etmədən. Həm “Kəpəz”in, həm də “Şamaxı”nın hazırkı heyəti Premyer Liqa üçün yararlı deyil. Xüsusən də, Gəncə təmsilçisinin. Bu baxımdan “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun işi hədsiz çətindir, çətin də olacaq. Bu kluba qış transfer dövründə yeni oyunçular… Yox, yox, hətta yeni komanda lazımdır. Əks halda, “Kəpəz” indidən birinci divizionla bağlı planlarını qurmağa başlasa, yaxşı olar.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button