“Nəticəni super hesab etmirəm” – Azərbaycan millisinin üzvü

Futzal üzrə Avropa çempionatının final mərhələsində İspaniya yığması ilə heç-heçə edən Azərbaycan millisinin hesabda önə keçməsində Rafael Vilelanın rolu danılmazdır.

Komanda.az xəbər verir ki, onun qapı xəttinə parallel ötürməsi rəqib futzalçıya dəyərək tora daxil olub. Hücumçu Azərbaycan Futzal Federasiyasına matçla bağlı açıqlama verib:

“Gürcüstanla oyunda iki qol vurdum və komandama kömək etməyə çalışdım. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik və vacib oyunda yenildik. Halbuki növbəti addım üçün bu qarşılaşmanın əhəmiyyəti danılmazdır.

İspaniyaya qarşı isə daha yaxşı oynadıq. İki dəfə hesabda önə keçdik, yenə qələbəni qoruya bilmədik. Amma turnirin favoritlərindən biri hesab edilən ispanlarla dueldə heç-heçə pis nəticə deyil. Onlara qarşı bir neçə dəfə mübarizə aparmışam. Həqiqətən də çox güclü rəqibdir. Məncə, ilk dəfə rəsmi oyunda İspaniyaya uduzmuruq. Nəticəni super hesab etmirəm, super nəticə qələbə olan zaman deyirlər, amma dünya reytinqinə başçılıq edən komanda ilə xalları yarı bölmək asan olmadı. Hətta sona yaxın qələbə qolunu da vura bilərdik.

Onlar bu cütün favoriti hesab edilirdilər. Amma biz oyunumuzla istənilən güclü komanda ilə başabaş mübarizə aparmağa hazır olduğumuzu göstərdik.

Hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirəcəyik, Bosniya və Herseqovina ilə oyuna ciddi hazırlaşacağıq. Hər bir qələbə bizim üçün vacibdir. İşimizi görməliyik. Ümid edirik ki, son turda Gürcüstan millisi ispanları büdrədəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button