Futzal: Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin mərhələnin püşkü 2024-cü il yanvarın 25-də atılacaq.

Oyunlar isə aprelin 8-dən 17-dək keçiriləcək. Həmin raundda uğur qazanacaq millilər mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaqlar.

Azərbaycan millisinin mübarizəyə qoşulacağı əsas mərhələnin püşkatma mərasimi 2024-cü il iyulun 17-də təşkil olunacaq. Burada ilk oyunlar ev-səfər sistemi ilə 9-18 dekabr 2024-cü il tarixlərində baş tutacaq. Digər qarşılaşmalar 2025-ci il yanvarın 27-dən fevralın 5-dək, martın 3-12-si və aprelin 7-16-sı aralığında reallaşacaq.

Pley-offun püşkü 15 may, oyunları 15-24 sentyabr 2025-ci il tarixlərində baş tutacaq. Final mərhələsi isə 18 yanvar – 8 fevral 2026-cı ildə təşkil olunacaq.

Reytinq cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar ilkin mərhələdən mübarizəyə başlayacaqlar. Burada oyunlar mini-turnir şəklində keçiriləcək. Əsas mərhələdə isə ümumilikdə 40 komanda yarışacaq. Bura ilkin mərhələdən vəsiqə qazananlar və reytinqi yüksək olduğuna görə mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq kollektivlər daxildirlər. 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər qaydasında keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik olacaq 8 “ikinci” isə pley-off-da iştirak edəcək və qalib gələn 4 komanda AÇ-2026-ya yollanacaq.

Avropa çempionatı 2026-cı ildə Riqa və Kaunas şəhərlərində keçiriləcək. Həlledici mərhələdə 16 komanda iştirak edəcək ki, onlardan 14-ü seçmə mərhələdən vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button