“Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir” – De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi müsahibə verib.

Komanda.az az xəbər verir ki, “Sportowefakty” nəşrinə danışan italiyalı mütəxəssis, Azərbaycan millisinə təyinatı barədə danışıb:

“AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə, Parisdə danışıqlar aparmışdıq. Qərarımı indi verdim, çünki yeni layihə axtarırdım. Futbolçuların qələbəyə reaksiyasını dəyişdirməyim lazımdır. Milli ilə irəli gedə biləcəyimizə və gənc futbolçuları inkişaf etdirə biləcəyimizə inanıram. Müqaviləni də DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzaladım.

Müharibə işimizə təsir etdi. Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir. Sevinirik ki, müharibə bitdi və ümid edirəm ki, hər şey qısa müddətdə normala qayıdar”.

Mütəxəssis, keçən günlərdə vəfat edən Dieqo Maradona barədə də danışıb:

“Hər kəs Maradonanın uğurlarına bələddir. Onu təkcə uğurları üçün deyil, həm də ürəyinə görə sevirəm. O, kasıblara ümid verdi, onların idealı oldu, həyatlarını nisbətən asanlaşdırdı. 60 yaşında dünyadan köçmək çox tezdir. O, topla oynamırdı, onunla rəqs edirdi”.

De Byazi, “The Best” mükafatı üçün namizədini də açıqlayıb:

“Məncə, bu il mükafatı Robert Levandovski qazanmalıdır və ona səs verəcəm. Birincisi, o, son zamanların ən yaxşısıdır. İkincisi, nəhayət, nələrsə dəyişməlidir. Son vaxtlar Lionel Messi və Kriştiano Ronaldo seçilib. Mən özüm də onlara səs vermişəm, amma yeni birinin seçilməsinin vaxtı gəldi. Digərlərinə gəlincə, Ronaldo və Məhəmməd Salah da diqqətimi çəkir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button