DÇ-2022: Azərbaycan millisinin oyunlarının başlama saatı açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiya və oktyabrın 12-də Serbiya milli komandalarına qarşı keçirəcəyi oyunların stadionu və başlama vaxtı məlum olub.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Lüksemburqla oyun saat 22:45-də Lüksemburqdakı “Stade de Luxembourg”da, İrlandiya ilə qarşılaşma saat 20:00-da Dublindəki “Aviva”, Serbiya ilə oyun isə saat 22:45-də Belqraddakı Rayko Mitiç adına stadionda keçiriləcək.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqla mübarizə aparır. Seçmə mərhələ çərçivəsində 2 oyuna çıxan millinin aktivində 0 xal var. Canni de Byazinin rəhbərlik etdiyi komanda Serbiyaya 1:2, Portuqaliyaya isə 0:1 hesabıyla uduzub.