“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”

“Turan Tovuz” “Fənərbaxça” ilə yoxlama oyunu keçirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, klubun İdarə Heyətinin üzvü Nəsimi Paşayev açıqlamasında İstanbul təmsilçisi ilə baş tutacaq qarşılaşmanın təfərrüatları haqqında məlumat verib.

“Məqsədimiz azarkeşlərə futbol bayramı yaşatmaqdır”

Paşayev öncə bu ideyanın necə yarandığına aydınlıq gətirib:

“Ötən mövsüm əsas hədəflərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Bu məqsədlə Tovuz şəhər stadionunda mövsüm bitməmişdən öncə ciddi yenidənqurma işlərinə başlamışdıq. İstəyimiz avrokubok oyunlarının heç olmasa birini doğma azarkeşlərimiz önündə keçirmək idi. Çünki bu, yalnız tovuzluların deyil, bütün Qərb bölgəsinin futbolsevərlərinin haqqı idi. Təəssüf ki, UEFA-nın məlum qərarı səbəbindən azarkeşlərə bu sevinci yaşada bilmədik. Buna baxmayaraq, stadiondakı infrastruktur işlərini dayandırmadıq. Belə qərara gəldik ki, avrokuboklara gedə bilməsək də, Azərbaycanda böyük azarkeş ordusuna sahib olan, Avropada uğurlu çıxışları ilə seçilən bir komandanı Tovuza dəvət edək. Beləcə, “Turan”sevərlərə əsl futbol bayramı bəxş etməyi hədəflədik”.

“Fənərbaxça” seçimi təsadüfi deyil

Bəs, rəqib qismində niyə məhz “Fənərbaxça” seçilib?

Paşayev bildirib ki, 1994-cü ildə “Turan”ın avrokuboklarda məhz “Fənərbaxça” ilə qarşılaşması və İstanbul təmsilçisinin ölkəmizdəki populyarlığı bu qərarda rol oynayıb:

“Klub rəhbərliyimiz bir neçə dəfə şəxsən Əziz Yıldırımla görüşərək danışıqlar aparıb və nəhayət, oyunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bizə bu işdə hər zaman “Turan”ın yanında olan, dəstəkləyən və yarandığı gündən kluba azarkeşlik edən iş adamı yardımçı oldu”.

Matç nə vaxt keçiriləcək?

Oyunun dəqiq tarixi ilə bağlı danışan klub rəsmisi, hazırda müəyyən təqvim planlaması üzərində işlədiklərini bildirib:

“Bilirsiz ki, “Fənərbaxça” UEFA Çempionlar Liqasında mübarizə aparacaq, komandamız isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Oyunun Tovuzda təşkil olunması üçün uyğun zaman qrafiki tərtib etməliyik. Hər hansı bir dəyişiklik olmasa, matçın sentyabrda – milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilə zamanı keçirilməsini nəzərdə tutmuşuq. Həmin müddət uyğun gəlməsə belə, növbəti fasilə dövründə bu görüşün baş tutması üçün əlimizdən gələni edəcəyik. Tovuzda “Turan”sevərlərə unudulmaz anlar yaşatmaq üçün hazırlıqlarımızı davam etdiririk”. (Matç.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button